ORDU
İqtisadi inkişaf, uğurlu islahatlar, güclü Ordu
Ordu quruculuğunda növbəti uğurlu il başa çatmaqdadır
Bakı, 21 oktyabr, AZƏRTAC
2017-ci ilin başa çatmasına iki aydan bir qədər çox vaxt qalır. Ötən müddətə nəzər saldıqda, təhlillər apardıqda aydın görünür ki, bu il bizim üçün işgüzar, başucalığı gətirən və ordu quruculuğu istiqamətində uğurlu il olub. Bu yaxınlarda keçirilən Nazirlər Kabinetinin iclasında ölkəmizin son doqquz ayda əldə etdiyi uğurlar barədə məlumat verən Prezident, Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə iqtisadi inkişaf prosesinin davam edəcəyini əminliklə bildirib və iqtisadi inkişafımızın göstəricilərini sadalayıb.
Dövlətimizin başçısının çıxışı təbii ki, ordumuzun şəxsi heyəti tərəfindən də maraqla qarşılanıb. Çünki heç kəsə sirr deyil ki, ölkənin hərbi qüdrətinin artması dövlətin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Odur ki, son illər Azərbaycan Ordusunda baş verən yeniliklər də məhz dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qazandığımız iqtisadi uğurlarla bağlıdır. Silahlı Qüvvələrin şəxsi heyəti bunu gündəlik xidmətlərində daim hiss edirlər.
Sözün həqiqi mənasında respublikamızda baş verən iqtisadi inkişaf bütün sahələrlə birlikdə ordu quruculuğuna da müsbət təsirini göstərir. Hərbi qulluqçular hər gün əyani surətdə əmin olurlar ki, ölkəmiz iqtisadi cəhətdən gücləndikcə, hərbi qüdrətimiz də bir o qədər artır, ordumuzun döyüş hazırlığı yüksəlir, hərbi hissələrdə sosial-məişət şəraiti günbəgün daha da yaxşılaşır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilib. Bu səbəbdən də Silahlı Qüvvələrin bütün istiqamətlərini əhatə edən islahatlar dövlətimizin başçısının birbaşa rəhbərliyi və tapşırığına əsasən 2017-ci ildə də yüksələn templə davam etdirilib. İslahatların kompleks şəkildə, davamlı həyata keçirilməsi Silahlı Qüvvələrimizi aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə imkan verib. Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanın bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərtərəfli dinamik tərəqqi ordu quruculuğuna da öz müsbət təsirini göstərib. Məhz bu inkişaf qısa müddətdə hərbi büdcəmizin 20 dəfədən çox artmasına səbəb olub. Növbəti ildə də bu istiqamətdə artım nəzərdə tutulur.
Bu il ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xərclər artırılaraq 2,6 milyard manatdan çox təşkil edib. Cari ildə yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, yüksək dəqiqliyə, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası Ordumuzun silahlanmasına qəbul edilib və artıq döyüş atışlı təlimlərdə sınanılıb. Bu proses davamlı surətdə, mərhələlərlə hazırda da həyata keçirilir və gələn ildə də davam edəcək.
Son bir neçə xarici ölkəyə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Ali Baş Komandanın tapşırığına əsasən, məhz dünyanın qabaqcıl silah, hərbi texnika istehsalçısı olan müəssisələrdə olması və hərbi-texniki sahədə əməkdaşlığa dair sazişlər imzalaması bunları deməyə tam əsas verir.
Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul
olmaları üçün bütün imkanlar yaradılıb
Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bu il Silahlı Qüvvələrin inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını və digər sahələri əhatə edib.
Silahlı Qüvvələrin inkişafını müəyyən edən amillərdən biri də şəxsi heyətin bağlaşma əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi istiqamətində tədbirlərin davam etməsi olub. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların qəbul edilməsi Ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsirini artıq göstərir. Şəxsi heyətin təsərrüfat işlərindən kənarlaşdırılması, yardımçı təminat sahələrinə mülki işçilərin qəbul edilməsi də döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardan biridir.
Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illər Bakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə iki mindən çox hərbi qulluqçu xidməti mənzillə təmin olunub.
Silahlı Qüvvələrimizin şəxsi heyətinin əksər hissəsi yeni, müasir komplekslərdə, hərbi şəhərciklərə yerləşdirilib. Qısa müddətdə, xüsusən cəbhəboyu zonada 20-dən çox hərbi şəhərcik tikilərək istifadəyə verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən və artıq bir ənənə şəklini alan “Açıq qapı” günlərinin keçirilməsi də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərə müsbət təsir göstərir.
Modernləşdirilmə Silahlı Qüvvələrin bir çox sahələrini əhatə edir
Ali Baş Komandanın tapşırığına əsasən, Silahlı Qüvvələrin modernləşdirilməsi artıq bir çox sahələri əhatə edir. Müasir döyüş əməliyyatlarında aviasiyanın və artilleriyanın rolunu nəzərə alaraq, görülən işlər çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş vasitələrinin, idarəetmə sisteminin təkmilləşdirilərək yüksək texniki standartlar səviyyəsinə çatdırılması, eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminin yaradılması istiqamətində artıq bir çox işlər yerinə yetirilib və proses daim davam etdirilir. Qısa müddətdə ən müasir və yüksək texnologiyalar əsasında yeni yaradılan, yaxud əsaslı təmir edilərək yenidən döyüş növbətçiliyinə daxil edilən Qırıcı Aviasiya Bazasını, Radiolokasiya hərbi hissələrini, Birləşmiş Komanda məntəqələrini və müxtəlif bölgələrdə yeni yaradılan hava hücumundan müdafiə bölmələri komplekslərini misal gətirmək olar ki, bunların hamısı ən müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilib. Görülən işlər aviasiya vasitələrinin qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənməsini, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu, bütün hədəflərin məhv edilməsi və döyüş tapşırıqlarının vaxtında icrasını təmin etmək şəraitini yaradıb.
“İldırım” və modernləşdirilmiş S-125, eləcə də digər zenit-raket komplekslərindən, müxtəlif növ artilleriya qurğularından, aviasiya vasitələrindən döyüş atışlarının həyata keçirilməsi müasir texnoloji avadanlıqla təchiz edilən Azərbaycan Ordusunun döyüş imkanlarını artırıb, eləcə də Hərbi Hava Qüvvələri tərəfindən döyüş növbətçiliyinin yüksək səviyyədə aparmasını mümkün edib.
Qürurla qeyd etmək olar ki, sözün həqiqi mənasında ordumuzda həyata keçirilən modernləşdirilmə prosesi planlı davam edir və çoxsahəlidir. Həyata keçirilən proseslər hərbi hissələrin komplektləşdirilməsini, kadr siyasətini, hərbi təhsil, döyüş hazırlığı, Hərbi Dəniz Qüvvələrini, zirehli texnikaları, zenit raket qurğularını, artilleriya sistemlərini, idarəetmə məntəqələrini və rabitə sistemlərini, həmçinin digər sahələri əhatə edir ki, bu barədə mətbuatda mütəmadi olaraq məlumatlar verilir.
Xaricdən alınan və Azərbaycan hərbi sənayesinin istehsal etdiyi müasir
silahların tam üstünlüyümüzü təmin etdiyini düşmən artıq anlayır
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə tuşlanan müasir, uzaqmənzilli, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik minlərlə raketinin bütün Ermənistan ərazisindəki hərbi və müdafiə əhəmiyyətli obyektləri, eləcə də strateji kommunikasiya sistemlərini məhv etməyə qadir olduğunu artıq qarşı tərəfin hərbi-siyasi rəhbərliyi birmənalı olaraq dərk edir. Azərbaycan Ordusu arsenalında olanlardan tam istifadə edərsə Ermənistanı hansı faciələr gözlədiyini erməni xalqı artıq anlayıb, lakin onları uçuruma sürükləyənlərin də bunu anlamalarının vaxtı çatıb. Ona görə ki, Azərbaycan sərəncamında olan bütün qüvvələri cəlb etməklə düşmənə zərbə endirərsə onun tam çökməsi labüddür, qaçılmazdır.
Son illər ərzində əldə edilən silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb. Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirlikləri arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumunun imzalanması da bu qəbildən olan tədbirlərdəndir. Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları (PUA) yaxın vaxtlarda Silahlı Qüvvələrimizin istismarına veriləcək.
Aprel döyüşlərində bu tip PUA-nın nə dərəcədə səmərəli tətbiq olunduğu hamının yadındadır və düşmən tərəfi də bunu təsdiq etdi. Məhz bu səbəbdən əməliyyat və cari şərait də nəzərə alınmaqla Ordunun ehtiyaclarını təmin edəcək kifayət qədər PUA-nın əldə edilməsi nəzərdə tutulub. Azərbaycanın, eləcə də digər qabaqcıl ölkələrin hərbi sənaye imkanları nəzərə alınmaqla müxtəlif istiqamətlərdə, müxtəlif çeşiddə hərbi təyinatlı məhsulların əldə olunması nəzərdə tutulur və bu proses davamlı xarakter daşıyır.
Heç kimə sirr deyil ki, hərbi zavodlarımızda mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir. Eyni zamanda, Azərbaycanın hərbi sənayesinin istehsal etdiklərindən əlavə, regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikaları, digər hərbi təyinatlı məhsullar Ordunun silahlanmasına daxil edilir.
Görülən işlərin ən uğurlu göstəricisi aprel döyüşlərində qələbəmizdir.
Bu, həm də düşmənə bir dərs oldu
Heç şübhəsiz ki, Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatların nə dərəcədə uğurlu olmasına 2016-cı ilin aprelində həyata keçirilən əks-həmlə əməliyyatı əyani sübutdur. Silahlı Qüvvələrimizin bu əməliyyatda əsas hədəfi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və düşmən tərəfindən daim atəşə məruz qalan azərbaycanlı dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək idi.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprel döyüşlərində böyük itkilərə məruz qaldı. Minə yaxın düşmən öldürüldü və yaralandı. Ermənilərin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri darmadağın edildi. Bu məqsəd də uğurla yerinə yetirildi və minlərlə hektar ərazimiz düşməndən azad edildi.
Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yüksəkliklər, yollar və daha çox ərazilər əməliyyat şəraiti baxımından Ordumuzun nəzarətinə keçdi. Düşmən tərəfi tam demoralizə edildi, onun hərbi-siyasi strategiyası iflasa uğradı. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər düşmən qurumun idarəçilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları tam ortaya çıxardı.
Azad edilən ərazilərdə artıq Azərbaycan bayrağı dalğalanır və hər birimizə qürur hissi bəxş edir, qələbəyə inamımızı daha da möhkəmləndirir, bütün ərazilərimizin tezliklə azad ediləcəyinə əminliyimizi hər gün bir az da gücləndirir.
Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin fəaliyyətinə ən böyük qiyməti Prezident, Ali Baş Komandan İlham Əliyev verdi. Dövlətimizin başçısının “Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” fikri bu qələbəyə verilən ən dolğun qiymətdir.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi siyasi-rejiminə, əlləri günahsız dinc əhalinin qanına bulaşmış hərbi xuntaya vuruşaraq və işğal altındakı ərazilərimizin azad edilməsinə nail olmaq istəyir.
Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri “hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur” fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır.
Ermənistanda hakimiyyəti terrorla ələ keçirmiş və öz xalqına qənim kəsilmiş şəxslər son illər ərzində yüzlərlə qeyri-adekvat, real vəziyyəti əks etdirməyən və Ermənistan ordusunun gücü, hərbi texnikası barədə absurd bəyanatlarla çıxış ediblər. Bu da təbii ki, təəccübləndirici deyil. Amma onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Ermənistanla “qızğın silahlanma” yarışına girməyib və belə bir fikir də yoxdur. Çünki Ermənistan iqtisadiyyatı Azərbaycanın imkanları ilə müqayisə edilməyəcək qədər zəifdir. Eyni zamanda, hücum silahları ilə yanaşı, hava məkanımızın qorunması, hərbi və mülki obyektlərin, strateji əhəmiyyətli kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də ciddi kompleks tədbirlərin görülməsi zamanın tələbidir və bu istiqamətdə də respublikamızda uğurlu fəaliyyət həyata keçirilir. Daha dəqiq desək, Azərbaycan Ordusunun gücləndirilməsi zamanın tələbidir.
Ali Baş Komandanın tapşırığına əsasən, 2018-ci ildə də ordu quruculuğu prioritet sahələrdən biri olaraq qalacaq. Bu gün əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir.
Qarşımızda duran ən mühüm vəzifə isə işğal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğrultmaqdır. Azərbaycan Ordusu gündəlik fəaliyyəti, gecə-gündüz əzmlə çalışmaqla bu hədəfə doğru inamla yaxınlaşır.
İsa İsmayılov
hərbi jurnalist