MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Tofiq Quliyevin mahnıları səslənib
Bakı, 24 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə reallaşan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd edib. Bildirib ki, sənətkarın yaradıcılığında mahnı janrı aparıcı rol oynasa da, bəstəkarın bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışaraq, yetmişdən çox filmə musiqi bəstələyib. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
Diqqətə çatdırılıb ki, T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verərək “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazıb. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayıb. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, şüngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyib. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilib.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivallarının, müsabiqələrin keçirilməsi üçün çalışıb, dövri mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edib.
Çıxış edən digər natiqlər görkəmli bəstəkarın həyatından, onun sənət fəaliyyətindən danışıblar.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən bəstəkarın mahnıları ifa olunub.