Sabirabadda salınan nar bağları 3 şəhid ailəsi arasında bölünüb VİDEO










Sabirabad, 24 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Sabirabadda aztəminatlı ailələr üçün nar bağları salınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Sabirabadın Qaragüney kəndi ərazisində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə salınan nar bağları ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət kəsb edəcək. Eyni zamanda, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azalmasına da töhfə verəcək.
Nar bağlarının salınması üçün Sabirabad rayonunun Qaragüney kəndi ərazisində iki hektar sahə ayrılıb. Aksiya zamanı 200 fəal gəncin iştirakı ilə ərazidə 1000 nar tingi əkilib.
Yeni salınan nar bağları Qarabağ müharibəsində şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Murad Telman oğlunun və digər iki şəhid Qubadov Bayram Tahir oğlu və Muradov Rizvan Telman oğlunun ailə üzvləri arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib.
Şəhid ailələr nar bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin aprel ayında başlanılıb.