CƏMİYYƏT
“Google” şirkəti bakılı dirijorun ad gününü xatırladır
Moskva, 5 dekabr, AZƏRTAC
“Google” şirkəti dekabrın 5-də baş səhifəsində SSRİ-də ilk dirijor qadın Veronika Dudarovanın doğum gününə həsr olunmuş dudl yerləşdirib.
AZƏRTAC xəbər verir ki, Veronika Dudarova 1916-cı ildə Bakıda, neft mühəndisi, əslən osetin olan Boris Dudarovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Bakı Konservatoriyasında, Stefan Ştrasserin sinfində alıb. Sonralar Leninqrad və Moskva konservatoriyalarında təhsilini davam etdirib. Sovet dönəmində Moskva Dövlət Simfonik Orkestrinin rəhbəri olub.
Veronika Dudarovanın adı 50 ildən çox simfonik orkestrlərlə işləmiş dirijor kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur.
“Google” şirkətinin təqdim etdiyi dudlın müəllifi Culiana Çendir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva