CƏMİYYƏT
Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru Azərbaycanın sosial müdafiə siyasətini yüksək dəyərləndirib
Bakı, 7 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub. Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biri və həmçinin Corc Varen Braun Universitetinin professorudur.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayaraq respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə professora məlumat verib.
Görüşdə məlumat verilib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatlı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir. Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40 faizə qədəri həmin proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun nəticəsində nəinki aztəminatlı ailələrin sosial yardım asılılığından çıxmasına, onların gələcəkdə fəal vergi və sosial sığorta ödəyicilərinə çevrilmələrinə də şərait yaradılmış olur.
M.Şerraden ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.
Görüş ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara, əmək resurslarının məşğulluq imkanlarının artırılması, inklüziv əmək bazarının inkişafı, aztəminatlı ailələrinin özünüməşğulluğunun və biznesə çıxışının dəstəklənməsi sahələrində görülən işlərə, bu sahələrdə perspektiv inkişaf istiqamətlərinə dair fikir mübadilələri ilə davam edib.