CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cari il üçün istehsalat və iş planları təsdiqlənib

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 4-cü ilinin yekunu ilə əlaqədar keçirilən müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ötən il ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı fevralın 1-də nazirlikdə kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, ölkə başçısının müşavirədəki çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar kollegiya iclasında ETSN-in görəcəyi işlər müəyyənləşdirilib və geniş müzakirə olunub. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün nazirliyin öz resurslarını səfərbər edərək müəyyənləşdirdiyi istiqamətlər üzrə müvafiq tədbirlərin görülməsi planlaşdırılıb.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov çıxış edərək Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını və ölkədə bu istiqamətdə aparılan işlərə böyük dəstək verdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Nazir ETSN-in fəaliyyət istiqamətlərinə uyğun ötən il ərzində yerinə yetirilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş tədbirlər, əldə olunmuş müsbət nəticələr, o cümlədən qeyri-neft sektorunun inkişafına dəstək olaraq kənd təsərrüfatı bitkilərindən ibarət meyvə bağlarının (aqromeşələrin) salınması yönündə aparılmış işlər, habelə tinglik müəssisələrində yeni yaradılan sahələrdə əkinə yararlı məhsuldar meyvə tinglərinin yetişdirilməsi, həmçinin hidrometeorologiya sahəsində nazirliyin daxili imkanları hesabına ən müasir avadanlıqların quraşdırılıb istifadəyə verilməsi barədə məlumat verib.

Sonra kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.

Meşələrin İnkişafı Departamentinin hesabatı dinlənilib, meşələrin mühafizəsi və bərpasında, artırılmasında ölkə başçısının göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli məhsuldar ağac tinglərinin hesabına aqromeşə sahələrinin salınması istiqamətində aparılan işlərin nəticələri təhlil edilib. Bəzi meşə müəssisələrinin plan - tapşırıqları tələb olunan səviyyədə yerinə yetirməməsi, mühafizə işlərində əsaslı dönüş yaratmaması diqqətə çatdırılıb. Müzakirələr zamanı işinin öhdəsindən gələ bilməyən meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib və nazirliyin müvafiq şöbələrinə müəssisələrdə kadr tərkibinin təhlil olunması və gücləndirilməsi məqsədi ilə kompleks araşdırmaların aparılması tapşırılıb.

Eyni zamanda, kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin ötən ilin yekunları ilə bağlı hesabatı dinlənilib. Ətraf mühitin mühafizəsi sahəsində görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən bir sıra yerli qurumların fəaliyyətinə irad bildirilib. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün göstərişlər verilib.

Daha sonra digər xidmət, idarə və departamentlərin 2017-ci ilin yekunları, qarşıda duran vəzifələr barədə hesabatları dinlənilib.

Sonda kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını dinləyib, qısa müddət ərzində onların aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar veriblər.

Kollegiya iclasında, həmçinin nazirliyin 2018-ci il üçün istehsalat və iş planları da təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.