CƏMİYYƏT
Avronest PA-nın iclasında ölkəmizdə vərəmə qarşı aparılan mübarizə barədə məlumat verilib
Tbilisi, 13 fevral, AZƏRTAC
Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb, xüsusi dövlət proqramları qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva Avronest PA-nın sosial komitəsinin Tbilisidə keçirilən iclasındakı çıxışı zamanı söyləyib.
S.Vəliyeva ölkəmizdə xəstəliyə qarşı mübarizə sahəsində görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib və qeyd edib ki, indi vərəmə qarşı mübarizə metodları yeni qaydada həyata keçirilir, dərman preparatları xəstələrə pulsuz paylanılır. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Milli Vərəm Proqramı” xəstəliyə qarşı mübarizəyə ayrılan xüsusi diqqətin ifadəsidir.
Bildirib ki, spesifikliyinə görə vərəm digər xəstəliklərdən fərqlənir və çətin müalicə olunan xəstəliyin yayılma ehtimalı böyükdür. Onun yayılması daha çox ağır sosial həyat şəraiti, müharibələr və ərzaq çatışmazlığı ilə əlaqədar olur. Azərbaycanda xəstəliyin yaratdığı problemlərin qarşısının alınması üçün səmərəli tədbirlər görülür. Ölkəmizdə 80-nə yaxın ixtisaslaşmış vərəm mərkəzləri və müxtəlif xəstəxanalar fəaliyyət göstərir. Penitensiar xidmətdə də vərəm mərkəzinin və xəstəxanasının yaradılmasını beynəlxalq təşkilatlar yüksək qiymətləndirirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi