ELM VƏ TƏHSİL
Ərdahan Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Mehmet Biberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, tədris prosesi, fakültələri, statistik göstəriciləri, beynəlxalq əlaqələri, ikinci ali təhsil, startap layihələri, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında məlumat verib.
Ərdahan Universiteti haqqında məlumat verən M.Biber ADNSU ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. ADNSU-nun professorlarının və ixtisaslı müəllimlərinin Ərdahan Universitetinə cəlb edilmələri, eləcə də tələbə və müəllimlərin mübadiləsinin təmini üçün nəzərdə tutulan layihələrdən danışan rektor bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ərdahan Universitetində rusdilli ixtisaslara xüsusi yer ayrıldığını deyən M.Biber bu baxımdan ADNSU ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Sonra tələbələr və müəllimlərlə birlikdə iş imkanları nəzərdən keçirilib, əməkdaşlığın istiqamətləri və perspektivləri müzakirə edilib.
Sonda tərəflər arasında “Mevlana Mübadilə Proqramı” üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.