CƏMİYYƏT


Yol polisi əhali ilə görüşlər keçirir

Bakı, 13 fevral, AZƏRTAC 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, insan tələfatı ilə nəticələnə biləcək ağır yol qəzalarının qarşısının alınması məqsədilə keçirilən tədbirlərdə BDYPİ əməkdaşları hərəkət iştirakçıları, xüsusilə piyadalarla, mal-qara ötürənlərlə, kənd təsərrüfatı texnikalarından istifadə edənlərlə və yol kənarlarında ticarətlə məşğul olanlarla izahedici söhbətlər aparıblar.

Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əhali arasında təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan belə tədbirlər artıq respublikanın Gəncə, Şəki, Balakən, İsmayıllı, Qəbələ, Salyan şəhər və rayonlarında keçirilib. Yol-nəqliyyat hadisələrinin geniş və hərtərəfli təhlilinin aparıldığı, hadisələrin baş vermə səbəbləri və onların aradan qaldırılması yollarının müzakirə edildiyi görüşlərdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən olunan yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalıdırlar. Həmçinin vətəndaşlar ailədə, məktəbdə, iş yerlərində bu barədə fərdi söhbətlər aparmalıdırlar.

Mal-qaranın nəzarətsiz olaraq yola çıxmasına görə birbaşa onların sahiblərinin məsuliyyət daşıdığı izah edilib, yol kənarlarında hər hansı ticarətlə məşğul olmaqla həm sağlamlıqlarını, həm də satdıqları əmlakı təhlükə altına qoymaları bir daha onların diqqətinə çatdırılıb.

Görüşlərdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb, sakinlərin təklifləri BDYPİ rəhbərliyinə də təqdim edilib.

İctimaiyyətin nümayəndələri görüşlərin təşkilinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Belə görüşlər respublikanın digər bölgələrində də keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.