CƏMİYYƏT
“Xətdə” proqramı çərçivəsində konfrans keçirilib
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Xətdə” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər xətdə” konfransı keçirilib.
Konfransda spiker qismində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, “Gilan Holding” FMCG Qrupunun strateji marketinq departamentinin rəhbəri Rafiq Hunaltay, FİL Marketinq Agentliyinin rəhbəri Aysel Cəbrayılova, “Prosper Digital Agency” şirkətinin biznesin inkişafı şöbəsinin müdiri Süleyman Əliyev və “İstək” liseyinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Pərvin Piriyev iştirak ediblər.
Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi onlayn fəaliyyətlərin genişlənməsi istiqamətində gənclərin məlumatlandırılması, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.
Konfrans iştirakçılarına rəqəmsal marketinq, sosial media və onun cəmiyyətə təsiri, sosial media üzərindən onlayn biznes qurmağın yolları haqqında ətraflı məlumat verilib. Daha sonra “Cəmiyyət xətdə”, “Biznes xətdə”, “Media xətdə” və “Təhsil xətdə” mövzusunda TEDx formatında bu sahədə öz sözünü demiş və biznesini qurmuş şəxslər çıxış ediblər. Gənclər spikerlərin şəxsi təcrübələrini dinləyib, onları maraqlandıran suallara cavab tapıblar.
Təlim iştirakçısı Sevinc Kərimli bildirib ki, layihə kifayət qədər aktualdır, çünki sosial şəbəkələr peşəkar istifadə olunduqda səmərəli təsir vasitəsidir. Lakin onlardan nə dərəcədə düzgün istifadə edildiyi hələ də müzakirə olunur. Bu üsulları işin peşəkarlarından dinləmək təcrübədən gələn çox maraqlı nüansları anlamağa kömək edir.
Xatırladaq ki, “Xətdə” proqramına 2013-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə start verilib.