SİYASƏT


Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Vyana, 21 fevral, AZƏRTAC

Avstriyada səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov fevralın 20-də Vyanada Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn ilə (Avstriya Xalq Partiyası) görüşüb.

Milli Şuraya keçirilmiş son seçkilərdən sonra parlament qrupunun rəhbəri vəzifəsini üzərinə götürdüyünə görə məmnun olduğunu bildirən B. Krenn iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə vermək imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib. Siyasi fəaliyyətindən öncə Avstriyanın turizm bölgələrindən birində mer vəzifəsində çalışdığını qeyd edən B. Krenn bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və bu təcrübəsinə əsaslanaraq yeni vəzifəsində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmlənməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayan Cavid Qurbanov işçi qrupun ilk ölkə arasında əlaqələrin inkişafına yeni inkişaf tempi gətirəcəyinə ümidvar olduğunu qeyd edib. O, Azərbaycanla bağlı həqiqətlərə, dövlətçiliyimizin tarixinə nəzər salaraq, respublikamızdakı dinamik inkişafın müxtəlif aspektləri, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iri infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivləri və imkanlarından danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verən C. Qurbanov münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməli olduğunu qeyd edib.

Avstriyalı həmkarının rəhbərliyi ilə parlament qrupunu yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edən C.Qurbanov, eyni zamanda “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı Bakı şəhərinin namizədliyinin dəstəklənməsinə mümkün töhfə verilməsi barədə müraciət məktubunu həmsöhbətinə təqdim edib. Görüşdə, həmçinin parlamentlərarası əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.