REGİONLAR
113 saylı Qax-Şəki seçki dairəsində aşağı seçki komissiyalarının 438 üzvü treninqlərə cəlb olunub VİDEO
Aşağı seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə maarifləndirilir
Qax, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar avqustun 12-də ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və bir həftə davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsindən 438 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar.
Treninqlərin ilk günü keçirilən məşğələlərdə dairənin 12 seçki məntəqəsindən 72 nəfər komissiya üzvü iştirak edir. MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.
Dairə seçki komissiyasının katibi İlqar Əhmədovun verdiyi məlumata görə, 113 saylı Qax-Şəki seçki dairəsi üzrə 10 namizəd qeydə alınıb. Onlardan biri siyasi partiyanı təmsil edir. Doqquz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 520 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir.
Avqustun 12-də 110 saylı Balakən seçki dairəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 4 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü iştirak edəcək. Məşğələlər MSK tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rəcəb Ustayev tərəfindən aparılır. Dairə üzrə namizədliyi qeydə alınan 8 nəfərdən biri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.
117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində də treninqlər MSK tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Dairə seçki komissiyasının sədri Rəsul Cəfərovun verdiyi məlumata görə, altı gün davam edəcək treninqlərə dairənin tərkibinə daxil olan 64 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunublar. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Aşağı seçki komissiyaları üçün treninqlər şimal-qərb bölgəsində fəaliyyət göstərən 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd və 116 saylı Qəbələ seçki dairələrində də davam edir.