İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi media ilə əməkdaşlığı genişləndirir
Bakı, 17 mart, Ramiz Quliyev, AZƏRTAC
Martın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Media və təhlükəsiz qida" mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını təmin etməkdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Qida Təhlükəsizliyi Agentliyi ilə media qurumları arasında əməkdaşlıq əlaqələrinin və maarifləndirilmə işlərinin vacibliyindən bəhs edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri və vəzifələri barədə jurnalistlərə ətraflı məlumat verib. Qeyd edib ki, qida təhlükəsizliyi sahəsində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və bu sahədə media ilə əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyət daşıyır. Bu sahədə ciddi addımlar atmaq üçün əsas məsələ əhalinin maarifləndirilməsidir.
Agentliyin sədri bildirib ki, artıq iki aydır fəaliyyət göstərən qurumda təftiş və dövlət nəzarəti, sertifikatlaşdırma və qeydiyyat, dəstək xidməti və beynəlxalq əlaqələr şöbələri yaradılıb. Agentliyin fəaliyyətinin başlıca istiqamətlərindən biri ölkəmizdə qida zəncirinin bütün mərhələlərini əhatə edən sahibkarlıq subyektlərində xüsusi dövlət nəzarətini həyata keçirməkdir. “Söhbət agentliyin tərkibində bu günlərdə işə başlayacaq Qida Təhlükəsizliyi İnstitutu tərəfindən işlənib hazırlanmış, beynəlxalq standartlara uyğun normaların həmin qida subyektlərində tətbiqindən gedir. Məqsəd qida sahəsində çalışan təşkilatlarda yoxlama aparmaq və ya cəza tədbirləri görmək deyil, əksinə, qida təhlükəsizliyinin təsərrüfatlardan başlamış, tarladan süfrəyədək qidanın keçəcəyi yollarda onun təhlükəsizliyini təmin etməkdir. Bu proses mərhələli şəkildə aparılacaq”, - deyə Qoşqar Təhməzli vurğulayıb.
O, həmçinin məlumat verib ki, dövlət nəzarəti şöbəsi bu məqsədlə müəssisələr üçün müvafiq təlimlər keçirəcək, Avropa İttifaqı və Dünya Bankının layihələri çərçivəsində təlim mərkəzləri açılacaq və bu mərkəzlər hər bir sahədə yaradılacaq. Beləliklə, sahibkarlar çalışdıqları sahələr üzrə maariflənəcəklər. İlkin mərhələdə qida müəssisələri üçün bildirişlər, bülletenlər hazırlanacaq, standartlar müəyyənləşdiriləcək. Bu standartlar əvvəlcə təsərrüfatlarda, istehsal müəssisələrində, daha sonra isə satış obyektlərində tətbiq olunacaq.
Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında danışan Qoşqar Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən söz açıb.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.