MƏDƏNİYYƏT
Fransa mətbuatı Novruz bayramından yazır
Paris, 22 mart, AZƏRTAC
Fransanın “Sud-Ouest” qəzetində bu ölkədə yaşayan azərbaycanlıların keçirdikləri Novruz şənliyi haqqında “Azərbaycanı tanıyaq” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Fransanın Jirond departamentinin Villenave-d’Ornon kommunasının meriyasında keçirilən bayram tədbiri barədə məlumat verilir. Şənliyin Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycan icmasının üzvü Yeganə Mustafayevanın təşkilatçılığı ilə keçirildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Məqalədə Novruzun qədim zamanlardan qeyd edildiyi, təbiətin oyanışı, yazın ilk günü olduğu vurğulanır. Nəsillər arasında sülh və həmrəylik, barışıq, mehriban qonşuluq dəyərlərini əks etdirən Novruzun multikulturalizmə, müxtəlif xalqlar, icmalar arasında dostluğa töhfə verdiyi bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris