CƏMİYYƏT
Dişlərin müalicəsinə estetik yanaşma
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında “Frontal dişlərin estetik bərpası” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov müzakirə olunan mövzunun təsadüfən seçilmədiyini bildirib: “Bundan əvvəlki seminarda estetik diş analizlərinə həsr olunmuşdu. Bu dəfə həmin mövzunun davamı olaraq frontal dişlərin estetik bərpasından danışmaq qərarına gəldik. Çünki bu mövzu həm stomatoloqlar, həm də xəstələr, eləcə də tələbələr üçün çox maraqlı və aktualdır”.
Sonra stomatoloq Vuqar Pənahovun “Frontal dişlərin estetik restavrasiyası” mövzusunda məruzəsi dinlənilib.
Sonda professor Nazim Pənahov məruzəçi və tədbirdə aktiv iştirak edən üç tələbəyə sertifikatlar təqdim edib.
Qeyd edək ki, V.Pənahov bu sahə üzrə İtaliyada professor Lorenso Vanininin kursunu bitirib.