İQTİSADİYYAT


Bakıda I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı keçirilib YENİLƏNİB  

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Bakıda "Rəqəmsal bankçılıq və təhlükəsizlik" mövzusunda "I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı" keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər MDB ölkələrinin, habelə Avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına uyğun olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır. Konfransda 22 ölkədən 100-ə yaxın şirkət iştirak edir.

"PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımov bildirib ki, təmsil etdiyi bankın müştərilərinin 84 faizi ödənişləri valyuta ilə edir və bu, yaxşı göstəricidir. Növbəti üç il ərzində bank bu göstəricini 90 faizədək artırmaq niyyətindədir. "Biz həm də müştərilərlə aparılan əməliyyatları 90 faizə çatdırmaq istəyirik. Biz artıq "IPBM" şirkəti ilə rəqəmsal laboratoriya yaratmışıq, yerli işçilərdən ibarət işçi heyəti yaratmışıq ki, bu layihəni həyata keçirək", - deyə bank rəsmisi qeyd edib.

"AccessBank"ın rəqəmsal bankçılıq üzrə icraçı direktoru Səbinə Qurbanova bildirib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi"nə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq: "Proqnozlara görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq. Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətlərin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Bu baxımdan qeyd etmək istərdim ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar. Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin əsasən onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik".

"UnionPay Internatıonal" şirkətinin Asiya və Qafqaz regional idarəsinin nümayəndəsi Zhang Çengdong təmsil etdiyi şirkət haqqında məlumat verib. Diqqətə çatdırıb ki, 2016-cı ildən Azərbaycan bazarında fəaliyyət göstərən şirkət "AtaBank", Azərbaycan Beynəlxalq Bankı ilə işləyir. Tərəfdaşlar hesabına ilin sonunda artıq bazar payımızın genişləndirilməsini gözləyirik. Eyni zamanda, ilin sonunadək "UnionPay İnternational" Azərbaycanda bazar payını əhəmiyyətli dərəcədə artıracaq. Bu ilin sonuna şirkətin yerli kartlarını da görə biləcəksiniz. Lakin qısa müddətdə bu kartla böyük həcmdə əməliyyatlar həyata keçirməsini gözləmirik.

"ABŞ-ın "Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanda "Google Pay" sisteminin tətbiqini planlaşdırır. MDB məkanını "Google Pay" və "Apple" sistemləri ilə təmin etmək niyyətindəyik. Hələlik isə "Apple" şirkəti MDB ölkələrində iştirakını təsdiqləməyib. Bu məsələnin iyun ayında reallaşması nəzərdə tutulur", - deyə "VISA"nın MDB və Cənub-Şərqi Avropada risk xidmətlərinin direktoru Larisa Makarova vurğulayıb.

Konfransda "FinTech" (maliyyə texnologiyaları), avtomatlaşdırma, rəqəmsal təhlükəsizlik, korporativ bankçılıq, rəqəmsal bazarda bank filialları və müştəriyə yönəlmiş bankçılıq mövzularında məruzələr dinlənilib, müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçirilib.

Sərgi-konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi açılıb.

Sərgi-konfrans aprelin 18-də işini davam etdirəcək. Tədbirin ikinci günündə maliyyə təşkilatlarının istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.