REGİONLAR


Üç ayda Şəmkirdə 1400-dən çox yeni iş yeri açılıb

Şəmkir, 17 aprel, Famil Quliyev, AZƏRTAC

Cari ilin məhsulu üçün Şəmkirdə 14 min 398 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 260 hektar çoxdur. Taxıl əkilən sahələrin 12 min 389 hektarını buğda, 2 min 188 hektarını isə arpa zəmiləri təşkil edir. Bundan əlavə, 4 min hektar sahədə kartof, 5 min 151 hektarda tərəvəz bitkiləri, 70 hektarda isə şəkər çuğunduru əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəmkirdə 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində bildirilib.

Qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin birinci rübündə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Məruzədə vurğulanıb ki, respublikanın iri kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə aqrar sektorun inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün də tədbirlər görülür. Belə ki, son illər rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 80 min tut tingi əkilib. Cari ildə rayonun 36 yaşayış məntəqəsi üzrə kümçülərə ipəkqurdu toxumu veriləcəyi planlaşdırılıb.

Rayonda heyvandarlığın inkişafı ilə bağlı görülən tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın baş sayı artaraq 61 min 442 başa, qoyun-keçilərin baş sayı isə 304 min 815 başa çatıb. Cari ilin üç ayında 2034 ton ət, 12432 ton süd və 11 milyon 398 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ton ət, 397 ton süd və 95 min ədəd yumurta çox istehsal edilib.

Hesabat dövründə Şəmkir rayonunda 1494 yeni iş yeri açılıb ki, onunda 662-si daimi, 832-si müvəqqəti iş yeri olub.

Məruzədə qeyd olunub ki, rayonda aparılan abadlıq-quruculuq işləri cari ilin üç ayında da davam etdirilib. Hazırda mərkəzi xəstəxana binasının və evləri qəzalı vəziyyətdə olan sakinlər üçün inşa olunan çoxmənzilli yaşayış binasının tikintisi davam edir.

Hesabat yığıncağında rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər də hərtərəfli təhlil olunub, lazımi tapşırıq və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.