Xüsusi hərbi ixtisaslı müdavimlər arasında avtomobil sürmə və güllə atıcılığı yarışı keçirilib VİDEO
Bakı, 2 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında müxtəlif maneəli hərəkətlər üzrə avtomobil sürmə və kiçik çaplı odlu silahdan güllə atıcılığı yarışı təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, polkovnik Şahvələd Əliyev yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, ənənəvi olaraq hər il ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Cəmiyyət tərəfindən bir sıra tədbirlər keçirilir.
MMC-nin Azərbaycan Ordusu üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiyanı uğurla yerinə yetirdiyini vurğulayan Ş.Əliyev deyib ki, belə yarışlar gənclərin, müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı, onların hərbi vətənpərvərlik ruhunun, intellektual səviyyələrinin və hərbi biliklərinin yüksəldilməsinə, çağırışaqədərki hazırlıqlarına xidmət edir. Cəmiyyət hər zaman hərbi vətənpərvərlik tədbirlərinin keçirilməsinə böyük önəm verir.
Polkovnik ölkəmizin qazandığı uğurlardan söhbət açıb, Azərbaycanda keçirilən beynəlxalq yarışların əhəmiyyətini xüsusi vurğulayıb. Ölkəmizdə ordu quruculuğu prosesindən bəhs edən Ş.Əliyev deyib ki, Azərbaycanda güclü, ən yüksək tələblərə cavab verən nizami ordu yaradılıb. Ordumuz ən müasir silah-sursatla təchiz olunub.
Cəmiyyətin sədri Niyazi Eynalov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. O, Ulu Öndərin gənclərimizin vətənpərvər, müasir, fiziki cəhətdən sağlam, hərbi bilikli, yüksək intellektli qüvvə kimi formalaşmasını daim diqqət mərkəzində saxladığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir” sözlərinin vətəndaşlarımızın yaddaşına həkk olunduğu diqqətə çatdırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin ən yüksək səviyyədə həyata keçirildiyini deyən Cəmiyyət sədri gənclərdə hərbi vətənpərvərlik ruhunun və hissinin formalaşdırılması sahəsində mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib. O, hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi sahəsində Prezidentin qarşıya qoyduğu vəzifələrin Cəmiyyət tərəfindən yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.
Yarışın əhəmiyyətini qeyd edən N.Eynalov ən böyük mənəvi borc olan Vətənə xidmət zamanı şəxsi məsuliyyət hissinin daha da yüksəldilməsinin, sürücüyə lazım olan keyfiyyət və vərdişlərin praktik olaraq formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra yarış açıq elan edilib. Cəmiyyətin Bakıdakı filiallarını təmsil edən xüsusi hərbi ixtisaslı sürücü müdavimlər 5 tapşırıqdan ibarət yarışda üç elementdən ibarət dolambaclı yolda hərəkət, səkkiz trayektoriyası üzrə maneələrə toxunmadan məsafəni qət etmə, dairəvi yola çıxış marşrutu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın tərkib hissəsi olaraq müdavimlər kiçik çaplı odlu silahla 25 metr məsafəyə dəqiq atəşaçma yarışında da məharətlərini göstəriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Cəmiyyətin Binəqədi rayon 1 nömrəli filialının komandası 116 balla birinci yeri tutub. Sabunçu rayon filialının komandası 102 balla ikinci, Nəsimi rayon 1 nömrəli filialın komandası isə 91 balla üçüncü yerdə qərarlaşıblar.
Böyük maraqla qarşılanan yarışda Cəmiyyətin təlim-tədris imkanları nümayiş etdirilib, qaliblər diplom, kubok və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.