CƏMİYYƏT
Bakı Dağ yəhudilərinin dini icmasında görüş keçirilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakı şəhəri Dağ yəhudiləri sinaqoqunu ziyarət edərək dini icmanın və sinaqoqun fəaliyyəti ilə tanış olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə müdiri sinaqoqun ibadət zalı, dərs otağı və zəngin kitabxanası ilə tanış olub və ona burada saxlanılan qiymətli əlyazma Tövrat nüsxəsi barədə məlumat verilib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbərliyi ilə görüşdə icma sədri Milix Yevdayev Azərbaycanda Dağ yəhudilərinin tarixi haqqında məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıya görə məmnunluğunu ifadə edib.
Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin Dağ yəhudiləri dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsindən danışıb və Milix Yevdayevə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını təqdim edib.
Görüşdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov də iştirak edib.
Qeyd edək ki, yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Əsrlərboyu ölkəmizdə yaşayıb yerli əhali ilə qaynayıb-qarışan, hətta qohumluq əlaqələri quran yəhudilərə qarşı xalqımız daim dost münasibət bəsləyib.
Azərbaycanda Dağ yəhudiləri əsasən Bakı, Quba və Oğuz rayonlarında məskunlaşıb. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərin həyatında yeni mərhələ başlayıb, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açıb.
Hazırda respublikada Dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir. Onlardan 1-i Bakı şəhərində, 3-ü Quba rayonunda, 2-si Oğuz rayonunda yerləşir. Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yəhudi uşaqlar üçün tədris müəssisəsi fəaliyyət göstərir. Burada yəhudi milli adət və ənənələrini tədris edən müəllimlər çalışırlar.
2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə 2011-ci il martın 5-də icma üçün Bakıda inşası dövlət büdcəsindən maliyyələşən sinaqoq dindarların istifadəsinə verilib.
Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il bütün digər dini icmalara edildiyi kimi, yəhudi icmalarına da ayrılan maddi vəsaitlər yüksək qayğı kimi qiymətləndirilir. Hər il yəhudi xalqının əlamətdar bayramları münasibətilə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün yəhudi icmalarına təbrik ünvanlanması da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin yaşadılmasıdır.
Bu gün yəhudi xalqının mənsubları respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Hazırda Bakıda tanınmış yəhudilərin - Nobel mükafatı laureatı, fizik Lev Landaunun, respublikanın Əməkdar Həkimi Solomon Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.