CƏMİYYƏT
“Epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək” tvinninq layihəsi uğurla həyata keçirilib
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın Kənd Təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsinin bağlanışına həsr olunmuş tədbir keçirilib.
Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə reallaşıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun (BEB) tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində DBNX-nin potensialını daha da gücləndirməklə Xidmətin imkanlarını genişləndirməkdən ibarətdir.
Tvinninq layihəsinin bağlanış tədbirində Aİ-nin nümayəndəliyinin təmsilçisi, Fransa və Macarıstanın Azərbaycandakı səfirləri, Fransız-Macar Konsorsiumu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA), Dünya Bankı, ACİP layihəsi, Tvininq layihəsinin Bakı ofisi, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Daxili İşlər və Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, IDEA Heyvanlara Qayğı Mərkəzi və digər müvafiq aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən tvinninq layihəsi 2016-cı il mayın 19-da başlayıb və bu il mayın 18-də başa çatacaq.
Tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi, layihənin benefisar müəssisə (BM) tərəfindən rəhbəri Azər Süleymanov açıb, layihənin uğurla başa çatması ilə əlaqədar Avropa İttifaqına, Fransa və Macarıstan hökumətlərinə minnətdarlığını bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən tədbirlər barədə məlumat verib, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən və onların səmərəli nəticələrindən danışıb.
Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Jeroen Villems, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Macarıstanın səfiri Viktor Szederkenyi, Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Olivye Fojer, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Lilla Egri, tərəfdaş ölkənin layihə rəhbəri Fransis Jeijer (Fransa), 1-ci komponentin rəhbərləri Ramiz Salmanov və Jujanna Zogiyeni, 2-ci komponentin rəhbərləri Klement Əsədov və Akoş Jozviaki çıxış ediblər.
Çıxışlarda tvinninq layihəsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilib, gələcəkdə Avropa İttifaqının standartlarına uyğun heyvan sağlamlığının qorunması sahəsində və ərzaq təhlükəsizliyinin etibarlı təminatına böyük töhfələr verəcək.
Sonda Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə gələcəkdə heyvan sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın Kənd Təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” tvinninq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyar dermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş qripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə qaydalar, həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları BEB-in və Avropa İttifaqı (Aİ) təşkilatlarının tələblərinə uyğun hazırlanıb, həmçinin müəyyən tədbirlərin özəl baytarlıq xidmətinə həvalə edilməsi, kompensasiya və heyvanların saxlanma məsələləri ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
Həmçinin tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” layihəsinin və fəaliyyət planının ilkin variantları hazırlanıb. Strategiya və fəaliyyət planının layihələri üzərində son tamamlanma işləri başa çatdırılıb.
2017-ci il fevralın 20-23-də tvinninq layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib. Bu il yanvarın 17-19-da isə tvinninq layihəsi çərçivəsində respublikamızın üç regionunda (Abşeron, Lənkəran, Şəki) “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirmə seminarları təşkil olunub. Eləcə də aprel ayında tvinninq layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar, Lənkəran rayonunda isə “Xırdabuynuzlu heyvanların taununun alovlanması” mövzusunda simulyasiya tədbiri keçirilib.
Mayın 3-də Göygöldə Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın Kənd Təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” tvinninq layihəsi çərçivəsində “Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili” mövzusunda təlim reallaşıb.