CƏMİYYƏT
Bu gün müqəddəs Ramazan ayı başlayır
Bakı, 17 may, AZƏRTAC
Bu gün müqəddəs Ramazan ayı başlayır.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının mübarək Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə mayın 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir”.
Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcını, namaz vaxtlarını və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək.