SİYASƏT


Brüsseldə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul və konsert keçirilib

Brüssel, 7 iyun, AZƏRTAC

İyunun 7-də Brüsseldəki tarixi “Grand Place” meydanında yerləşən meriya binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul və pianoçu İsfar Sarabskinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən Brüssel şəhər meriyasının dəstəyi ilə təşkil olunub.

Tədbirdə Belçikanın dövlət qurumlarının, Avropa İttifaqının təsisatlarının və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycanın Belçikada və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov çıxış edərək yaradılmasının 100 illik yubileyinin geniş qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə mühüm yer tutduğunu bildirib. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayan diplomat bu qısa müddətdə qadınlara səsvermə hüququnun verildiyini, ölkə ərazisində yaşayan etnik, milli azlıqların parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə məlumat verib.

Daha sonra məşhur pianoçu İsfar Sarabski maraqlı konsert proqramı ilə çıxış edib. Tanınmış pianoçunun ifası tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Qonaqlara Azərbaycanın milli mətbəxinin ləziz nümunələri təqdim edilib.

Ziyafət zamanı Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyi ilə bağlı, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbir yerli və xarici KİV-lər tərəfindən işıqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.