ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Texniki Universitetində (AzTU) yaz imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediaturda ali təhsil müəssisəsinin İctimai Şurasının üzvləri, valideynlər və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər. Qonaqlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar.

AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov bildirib ki, bu il yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir. O, universitetdə imtahanların həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, universitetdə əvvəllər yalnız xüsusi texnika və texnologiya fakültəsinin, “SABAH” qruplarının tələbələri və magistrlər yazılı imtahan veriblər. Lakin hazırda birinci və ikinci kursda oxuyan bütün tələbələrin bilikləri də yazılı imtahan vasitəsilə qiymətləndirilir. X.Yahudov deyib: “Universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiqlədikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarət altında keçirilir, əvvəlcə yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Günün sonunda hər iki imtahanın nəticələri universitetin “Elektron Portal”ında yerləşdirilir”.

X.Yahudov universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə qərargah və Apellyasiya Komissiyası yaradıldığını da diqqətə çatdırıb. Bildirilib ki, qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün şərait yaradılıb. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Bundan əlavə, AzTU-da valideynlərin imtahan prosesini müşahidə etməsi də mümkündür. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri “Açıq qapı” günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələrə sərbəst müraciət etmək imkanı yaradıldığı vurğulanıb.

Mediaturdan sonra valideynlərin və KİV nümayəndələrinin iştirakı ilə İctimai Şuranın iclası keçirilib. İclasda ali təhsil ocağında aparılan islahatlar, görülən işlər və yeniliklər barədə geniş məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.