İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 14 iyun, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinə dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsi, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə Rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə dövlət rüsumlarının, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, hesablanması və icrasına dair, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair müzakirələr aparılıb.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiqlənib.