REGİONLAR
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər
Ağcabədi, 18 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyən Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar.
Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, laçınlı məcburi köçkün ailələr Taxtakörpü ərazisindəki obalarda bu il 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyiblər. Tədarük edilən 1 ton 67 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib.
Baramaçılığın inkişafının regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət etdiyini deyən S.Quliyev ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə Taxtakörpü ərazisində 11 min ədəd tut tingi əkildiyini bildirib.