İDMAN
“Olimpiya”-“Qarabağ”: 0:1 YENİLƏNİB
Bakı, 11 iyul, AZƏRTAC
Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb. Matçda Vild-Donald Qeryenin vurduğu qolla Ağdam təmsilçisi meydandan qələbə ilə ayrılıb - 1:0.
Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.
X X X
23:00
“Olimpiya”-“Qarabağ” oyununun ilk hissəsində hesab açılmayıb. Ağdam təmsilçisi bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, futbolçularımız fərqlənə bilməyiblər.
Hazırda görüşün ikinci hissəsi oynanılır.
X X X
22:01
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşır.
“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.
“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.
Oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Lavrence Visserdir. Baş hakimin köməkçiləri Karel De Roker və Yo de Veirtdir. Dördüncü hakim funksiyasını Bram Van Driesşe yerinə yetirir.