SİYASƏT
Elçin Əhmədov: Gəncə hadisələri bir daha göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyada nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.
Elçin Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Bu, Gəncədə baş vermiş iğtişaşın xaricdən idarə olunmasına, qanlı hadisəni törədən ibtidai təfəkkürlü adamların məkrli, anti-Azərbaycan qüvvələrin əlaltıları olmasına heç bir şübhə yeri qoymur. Azərbaycanda xaos yaratmaq istəyən düşmən qüvvələr bu yolu seçiblər. Amma yanılıblar, çünki indi XX əsrin 90-cı illəri deyil və həm də Azərbaycan o zamankı Azərbaycan deyil.
Bununla yanaşı, son vaxtlar anti-Azərbaycan qüvvələrin muzdlu nökərləri sosial şəbəkələri özlərinə tribuna seçiblər. Bu baxımdan sosial şəbəkələrdə Azərbaycanda mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsi dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı qəsd kimi qiymətləndirilməlidir. Eyni zamanda, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə insanları iğtişaşlara təhrik etməsi dövlətə qarşı terrordur və islami dəyərlərimizə tamamilə ziddir. Gəncə hadisələrindən əvvəl həmin təxribatçı qrupların şüarlarında dövlət, hakimiyyət əleyhinə fikirlər üstünlük təşkil edirdi. Bu hadisələr həm də dövlətimizin dayaqlarını sarsıtmaq, din pərdəsi altında içərilərimizə soxulmaq istəyən fanatiklərin, radikalların, düşmən qüvvələrin Azərbaycandakı əlaltılarının müəyyən edilib zərərsizləşdirilməsinə səbəb oldu. Şübhəsiz ki, Gəncədə “etiraz aksiyası” adı altında törədilən bu cinayətin təşkilatçıları və iştirakçıları ağır cəzalandırılacaq. İnanırıq ki, bu, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlərə, eləcə də Azərbaycanı suriyalaşdırmaq illüziyaları ilə yaşayanlara ən sarsıdıcı zərbə olacaq. Azərbaycan dövləti və onun başçısı qanunun aliliyini, vətəndaşların təhlükəsizliyini təmin etməklə yanaşı, dövlətçiliyi, milli maraqlarımızı da hər zaman uca tutur. Eyni zamanda, Azərbaycan xalqı ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi inkişafı dəyərləndirərək bunun təminatçısı olan dövlət başçısına hər zaman dəstək nümayiş etdirir. Bu hadisələr həm də onu göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir.