ELM VƏ TƏHSİL
UNEC-də yeni tədris ilindən Universitetdaxili İkili Diplom Proqramına başlanılıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018/2019-cu tədris ilindən etibarən Universitetdaxili İkili Diplom Proqramına (UDİD) başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, UDİD proqramı tələbələrə dörd il ərzində iki ixtisas üzrə iki diplom əldə etmək şansı yaradır. Proqrama qoşulan tələbələr iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
UDİD proqramına qeydiyyat iyulun 16-dan avqustun 15-dək aparılacaq. Proqramda yalnız birinci kursu bitirən, təhsil aldıqları müddətdə tədris olunan fənlərdən müvəffəqiyyət göstəricisi 71-100 arası olan və UNEC-də iqtisadiyyat və idarəetmə ixtisas qrupuna aid ixitisaslarda (maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, menecment, marketinq, kommersiya, statistika, biznesin idarə edilməsi, dünya iqtisadiyyatı) təhsil alan tələbələr müraciət edə bilərlər.
UDİD proqramında iştirak ödənişlidir. Proqram üzrə ikinci ixtisasa müraciət edən tələbələr birinci ixtisasda nəzərdə tutulan və eyni olan fənləri yenidən dinləməyəcək. Onlar yalnız fərqli ixtisas fənlərini dinləyərək, müvafiq kreditləri toplayıb ikinci ixtisasa yiyələnəcəklər.