CƏMİYYƏT
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir

Moskva, 16 iyul, AZƏRTAC
Azərbaycanın ümummilli lideri Heydər Əliyev əmin idi ki, onun ölkəsinin taleyi sağlam düşüncəli gənclərin, vətənpərvər gənclərin, xalqını, millətini sevən gənclərin əlindədir. Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu gənclər siyasəti öz bəhrəsini verməkdədir və buna indi - Azərbaycan tarixinin ən güclü və dinamik dövründə tələbat daha artıqdır.
Azərbaycanlıların gənc nəsli (orta hesabla respublika əhalisinin hər dörd nəfərindən biri) bu dövrün bütün çağırışlarını həssas qəbul etməli və ölkənin inkişafına öz töhfəsini verməlidir. Dövlət də, öz növbəsində, gənc oğlan və qızların qarşısında yeni üfüqlər açır, onların ictimai həyatda fəal iştirak etməsi və bütün sahələrdə özlərini reallaşdırması üçün imkanlar yaradır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərlə bağlı üçüncü dövlət proqramıdır.
Azərbaycanın gənclər siyasətinin əsas strategiyalarından biri “Qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasına söykəndiyindən ölkə rəhbərliyi yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına xüsusi diqqət yetirir. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə respublikada ilk dəfə “Made in Azərbaycan-2017” biznes ideya müsabiqəsi, “Gənc investor-2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib. Gənclərin yüksək texnologiyalardan savadlı istifadə edə bilməsi məqsədilə gənclər proqramı çərçivəsində biznes-inkubatorların və texnoparkların yaradılması nəzərdə tutulur. Ölkənin regionlarında isə 40-a yaxın Gənclər Evi tikilib. Orada gənc oğlan və qızlar sosial xidmətlərdən istifadə etmək, qeyri-formal təhsil almaq, istirahət vaxtlarını təşkil etmək və maraqları üzrə klublara toplaşmaq imkanlarına malikdirlər.
Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin coğrafiyası son vaxtlar xeyli genişlənib. 2017-ci ilin avqustunda Bakıda keçirilmiş 41-ci Dünya Skaut Konfransında 160 ölkədən 1500-dən çox skaut iştirak edib. Parlaq hadisələrlə zəngin skaut hərəkatı uşaq dünyagörüşünün formalaşmasına və müxtəlif ölkələrin uşaqları arasında dialoqun qurulmasına kömək edir. Dünya Skaut Komitəsi qeyd edib ki, Bakıdakı konfrans hərəkatın tarixində ilk dəfə ən yüksək səviyyəli konfrans olub. Bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Rusiya və Azərbaycanın gənclər təşkilatları müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyət göstərirlər: buraya gənclərin qeyri-kommersiya təşkilatlarından və biznes təşəbbüslərindən tutmuş keçən ilin dekabrında Bakıda keçirilmiş V Azərbaycan-Rusiya Gənclər Forumuna kimi dövlət tədbirləri daxildir. İki ölkə gənclərinin ictimai təşkilatları və tələbələri arasında əməkdaşlıq, ümumi təhsil məkanının formalaşması, ikitərəfli layihə və proqramların reallaşdırılması – bütün bu mühüm məsələlər forum iştirakçıları tərəfindən müzakirə edilib.
Psixologiya elmləri namizədi Nataliya Krasovskaya deyir: “Hesab edirəm ki, ambisiyalılıq, praqmatizm, özünüreallaşdırma və məqsədyönlülük Azərbaycan və Rusiya gənclərinə eyni dərəcədə xasdır. Lakin daha yaşlı nəsildə ümumi həyat tərzi və perspektivlər, oxşar maraq və kumirlər var idisə, SSRİ-nin süqutundan sonra doğulmuş nəsil bir-birini o dərəcədə də yaxşı tanımır və bu boşluğu sıx qarşılıqlı ünsiyyətlə doldurmaq lazımdır”.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyəti bu cür ünsiyyətə nümunə ola bilər. Təşkilatın üzvləri öz rusiyalı həmyaşıdları ilə birlikdə tədbirlərdə fəal iştirak edirlər. Məsələn, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 25 illik yubileyi qeyd edilərkən azərbaycanlı gənclər MDU-unun Botanika bağında ağaclar əkiblər, bu ilin martında isə jurnalist və blogger gənclər “Qələm pinqvinləri” (“Pinqvini pera”) XIII Ümumrusiya Gənc Jurnalistlər Festivalında iştirak ediblər. RAGB komandasının bu cür tədbirdə ilk dəfə iştirak etməsinə, festivala isə Rusiyanın hər yerindən 40 məktəb və tələbə redaksiyalarından nümayəndələrin gəlməsinə baxmayaraq, yarışlarda mükafata layiq yerlərin dördünü gənc azərbaycanlılar tutub.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev əmindir ki, dövlətlərarası münasibətləri yeni səviyyəyə yüksəldə bilən gənclərin əməkdaşlığı ölkələrimiz üçün qarşılıqlı əlaqələrin getdikcə daha aktual və tələbat duyulan istiqamətinə çevrilir. O deyir: “İctimai-siyasi həyatda və müasir dövrün onun qarşısında qoyduğu mürəkkəb məsələlərin həllində gənclərin rolu artmaqdadır. Uzunmüddətli perspektivdə Rusiyanın və Azərbaycanın dostluğu iki ölkənin gəncləri arasında mehriban qonşuluq münasibətlərinin inkişafına nə qədər qüvvə sərf edəcəyimizdən asılıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva