REGİONLAR


Növbəti “Kütləvi çıxarış” kampaniyasından Gəncə sakinləri faydalanıb

Bakı, 10 avqust, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 10-da Gəncə şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, məkanı dəyişmədən əmlakı sənədləşdirmək mümkündür. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər vətəndaşlara daha da yaxınlaşır, hətta evlərinə belə gətirilir. Başqa sözlə, daşınmaz əmlakın qeydiyyat prosedurlarını özündə cəmləşdirən mobil ofislər sakinlərin ünvanlarına gedərək onları çıxarış sahibi edir. Bunu reallaşdıran “Kütləvi çıxarış” kampaniyası isə əhatə dairəsini genişləndirməkdədir.

Budəfəki kampaniya zamanı şəhər əhalisinin aktivliyi müşahidə olunub. Bu sosial kampaniyanın üstünlüklərini eşidən hər kəs mobil ofislərin ətrafına toplaşıblar. Ümumilikdə 200-ə yaxın sakinə xidmət göstərilib. Keçirilən kampaniya nəticəsində 130 sakinə birbaşa yaşadıqları ərazidə əmlaklarına dair çıxarışlar təqdim olunub. Mobil ofislərə müraciət edən 70 sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, mənzilləri, həyətyanı torpaq sahələrini əhatə edib.

Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib.

“Kütləvi çıxarış” kampaniyasının birbaşa ünvanlarda, iş yerlərində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı, iqtisadi əhəmiyyəti də var. Ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu isə alqı-satqı, ipoteka əməliyyatlarının daha rahat və operativ təşkilinə imkan verir. Eyni zamanda, digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata almağa stimullaşdırır.

Cari il ərzində 15-ə yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 3-ü paytaxtda, qalanı isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Qeyd edək ki, komitənin qeydiyyat xidmətlərini vətəndaşların bilavasitə ünvanına çatdıran “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətini davam etdirir. Növbəti “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası avqustun 13-17-də saat 9:00-dan 17:00-dək Abşeron rayonunun Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi, 13 ünvanında təşkil olunacaq. Digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə, kampaniyanın keçirildiyi ərazilərin sakinləri müvafiq arayışların, texniki pasportların alınması üçün, eləcə digər qeydiyyat xidmətlərinin yerinə yetirilməsi ilə bağlı mobil ofislərə müraciət edə bilirlər. İndiyədək kampaniya Abşeron rayonunun Saray, Ceyranbatan qəsəbələrində, Masazır, Məmmədli kəndlərində keçirilib. Ümumilikdə 600-ə yaxın vətəndaş bu sosial layihədən faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.