SİYASƏT
11 saylı Qaradağ seçki dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv olunub
Bakı, 22 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyanın (MSK) fevralın 22-də keçirilən iclasında 11 saylı Qaradağ seçki dairəsi üzrə qeydiyyata alınmış namizəd Kamil Paşayevin müraciətinə də baxılıb.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
A.Muxtarova bildirib ki, şikayətçi seçki günü həmin dairə üzrə seçki məntəqələrində müşahidə aparılmasına şərait yaradılmadığını iddia edib və dairə üzrə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.
Bildirilib ki, MSK 11 saylı Qaradağ seçki dairəsi üzrə seçki məntəqələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri də araşdırıb. Araşdırma zamanı 2 məntəqə üzrə protokollar götürülüb və müqayisəli şəkildə araşdırılıb. Araşdırma zamanı yalnız 25 saylı məntəqədə seçkinin nəticələrinin seçicilərin iradəsinin ifadə etmədiyi üzə çıxıb.
İclasda 25 saylı məntəqədə seçkinin nəticələrinin ləğv olunması qərara alınıb.