İDMAN
Azərbaycan-Malta: 1:1 YENİLƏNİB
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan millisi hesabı bərabərləşdirib. Matçın 53-cü dəqiqəsində Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayıb.
20:57
Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan-Malta oyununun birinci hissəsi qonaq komandanın üstünlüyü ilə başa çatıb – 0:1.
Azərbaycan millisi oyuna fəal başlayıb. Matçın 4-cü dəqiqəsində millimizin üzvləri rəqib qapısına ardıcıl iki zərbə vursalar da, Malta yığmasının qapıçısı Endryu Hoqq qapısını toxunulmaz saxlamağı bacarıb. Matçın 19-cu dəqiqəsində Rüfət Dadaşovun zərbəsi rəqib qapısından keçib, lakin yan xətt hakimi futbolçumuzun oyundankənar vəziyyətdə olduğunu bildirib.
Görüşün 37-ci dəqiqəsində maltalı futbolçular hesabı açıblar. Belə ki, Rouen Muskat komandasını hesabda önə çıxarıb. Birinci hissəsinin sonunadək hesab dəyişməyib.
Hazırda matçın ikinci hissəsi oynanılır.
20:00
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan-Malta oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiçdir. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirir.
Qrupun digər oyununda Farer Adaları millisi doğma meydanda Kosovo seçməsini qəbul edir.
Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.