REGİONLAR


Girdiman bələdçi klubu İsmayıllının mədəni irsini məktəblilər arasında təbliğ edir

İsmayıllı, 15 oktyabr, AZƏRTAC

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin nəzdində yaradılan və iyunun 25-dən fəaliyyətə başlayan məktəblilərin Girdiman bələdçi klubu layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə Diyallı, Talıstan, Xanagah, Lahıc, Basqal, Mücü, Sulut, Mollaisaqlı kəndlərində yerli sakinlər, müəllimlər, valideynlər və məktəblilər arasında sorğular keçirib, həmin kəndlərin tarixi və folkloru ilə əlaqədar araşdırılmalar aparılıb. Klub üzvləri bölgədəki Hacı Məcid əfəndi məscidi, Cavanşir qalası, Qız qalası, Lahıc Tarix-Diyarşünaslıq muzeyi, Basqal İpək mərkəzi, Fitdağ şəhəri, Haram qalası, Şirvanşah qalası, Mollaisaqlı antik və ilk orta əsr nekropolu barədə bilgilər əldə ediblər. Bilgilər əsasında klub üzvləri tərəfindən hazırlanan kataloq üçün həmin abidələrin təqdim olunması ilə bağlı məlumat toplanılıb, fotolar çəkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində yaradılan Girdiman bələdçi klubunun rayonun Talıstan kəndində təşkil etdiyi “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusundakı ikigünlük seminarda danışılıb.

Bakı və Sumqayıt şəhərlərindən, İsmayıllı, Ağsu, Füzuli, Qubadlı, Salyan rayonlarından 20-dək şagirdin və yaradıcılıq mərkəzlərindən 60-dan çox məktəblinin iştirak etdiyi seminarda layihənin rəhbəri Təranə Yusifova, layihənin eksperti Fariz Xəlilli klub, onun məqsəd və vəzifələri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, layihədə məktəblilərin məktəblilərə bələdçilik etmələrinin təşkili əsas vəzifədir. Burada məqsəd yuxarı sinif şagirdlərini öz həmyaşıdlarına İsmayıllının tarixi və mədəniyyəti ilə bağlı bələdçiliyə alışdırmaqdır.

Bildirilib ki, Girdiman bələdçi klubu İsmayıllının maddi-mənəvi irsinin öyrənilməsi və təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse və videofilm üzrə müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan işlər seçilib, diplom və sertifikatlara layiq görülüb.

Seminarda “Limak Travel” turizm şirkətinin tur-meneceri, bələdçilik üzrə təlimçi Aidə Məlikova peşəkar bələdçilik haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bələdçinin əsas vəzifəsi abidələr, ənənələr haqqında məlumat vermək, yaranan sualları dolğun cavablandırmaqdır. Bələdçi müxtəlif dilləri bilməli, problemlərə qarşı səbirli davranmalıdır. İsmayıllının mədəni irsinin zənginliyinə diqqət çəkən Aidə Məlikova rayonun Azərbaycanın turizm sənayesində tutduğu yeri göstərməklə, bələdçilərin rolundan danışıb. Məktəbli bələdçilərə bələdçiliklə bağlı tapşırıqlar verilib.

Vikipediya üzrə təlimçilər Tərxan Paşazadə və Şəfa Mövsümov “vikiçi”ləri müasir dövrdə “virtual bələdçilər” adlandırıblar. Tərxan Paşazadə təqdimatla çıxış edərək vikipediyanın meydana gəlməsindən danışıb, virtual ensiklopediya kimi günbəgün genişləndiyini, könüllü “vikiçi”lik fəaliyyətində yeniyetmələrin rolunu qeyd edib. Vurğulayıb ki, texnologiyaya bələd olan və internetdən istifadə edən məktəblilərin boş vaxtlarında araşdırma apararaq İsmayıllı haqqında mədəni irs və turizm bilgilərini yerləşdirmələri üçün vikipediya faydalı resursdur. Tərxan Paşazadə, həmçinin “youTube” fəaliyyəti barədə də məktəblilərə məlumat verib.

Bakı şəhəri Suraxanı rayonu Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin “İstedadlar dərnəyi”nin rəhbəri Məhsəti Cəfərova təqdimatında məktəblilərə dekorativ-tətbiqi sənət növündə muncuqlar vasitəsilə nəbati naxışlar, gül-çiçək ornamentləri düzəltməyi öyrədib. Hazır işlər çərçivəyə yığılıb. Sənətşünas Günel Əliyeva isə balıqqulağı, quş lələkləri, şam qozalarından ibarət əl işlərini praktik olaraq məktəblilərlə hazırlayıb.

Seminar çərçivəsində məktəblilər müsabiqəyə təqdim etdikləri rəsm və əl işlərini nümayiş etdiriblər. Onların hazırladıqları videoçarxlar izlənilib, esselər oxunub. Məktəbli bələdçilər tapşırığa əsasən qrup şəklində hazırladıqları bələdçilik mətnlərini qiraət ediblər. Duyğu İsmayılova, Mehdi Həsənli, Təhminə Məmmədli və Fəridə Hüseynova öz rəsm əsərlərini Girdiman bələdçi klubuna hədiyyə ediblər.

Fəal məktəblilərə diplom və sertifikatlar təqdim olunub. Onlara yeni nəşr olunan “İsmayıllının mədəni irsi” kataloqu verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.