SİYASƏT


Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konfrans keçirilib

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Tbilisidə AZƏRTAC-ın və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunan konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq dövlət müstəqilliyinin əhəmiyyətindən, müstəqillik illərində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişafından söz açıb.

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycanın dövlətçilik tarixi və müstəqillik uğrunda mübarizəsindən danışıb. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci i il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Vurğulayıb ki, müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək heç də asan olmayıb. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə, parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa də, Azərbaycan əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb.

Bildirilib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqiyə nail olub. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.

Sonra gürcü politoloqlar Tengiz Txilava, Simon Kopadze, prezidentliyə namizəd Levan Çixeidze, Tbilisidəki 73 nömrəli orta məktəbin müəllimi Qəhrəman Musayev, ictimai xadim Beka Okiani və başqaları Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi layihələr təkcə bir xalqın və bir dövlətin deyil, bütöv bir regionun, Avropanın enerji təhlükəsizliyində, bölgədə sabitliyin bərqərar olmasında mühüm rol oynayıb.

Çıxış edənlər Azərbaycanın və Gürcüstanın işğal altındakı ərazilərinin azad olunmasını, dövlət müstəqilliyi və digər milli bayramlarımızın Dağlıq Qarabağda və Suxumidə keçirilməsini arzu ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.