SİYASƏT


Səfir Dursun Həsənov: Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza hər cür qayğı göstərir

Tbilisi, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Tbilisidə səfərdə olan KİV nümayəndələrinin və deputatların bir qrupu oktyabrın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyində olub.

AZƏRTAC xəbər verir ki, səfir Dursun Həsənov Azərbaycan-Gürcüstan yüksək strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib.

Diplomat bildirib ki, Azərbaycan bu gün Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutur.

Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən D.Həsənov deyib: “Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin böyük əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub”.

Dövlət fondunun icraçı direktoru Vüqar Səfərli səfirə Azərbaycan jurnalistlərinin Gürcüstana səfərinin məqsədi barədə məlumat verib.

Söhbət zamanı bu cür səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, KİV nümayəndələrinin qarşılıqlı səfərləri iki dost və qonşu xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Sonra Azərbaycan mətbuatının nümayəndələri Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar.

Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti barədə məlumat verib.

Muzeylə tanışlıqdan sonra Azərbaycandan gəlmiş jurnalistlər Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının üzvləri ilə görüşüblər.

Görüşdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları Aqil Abbas, Əflatun Amaşov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, politoloqlar Tengiz Txilava, Simon Kopadze və başqaları Azərbaycan ilə Gürcüstan arasında ictimai-siyasi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan KİV nümayəndələri Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.