MƏDƏNİYYƏT
Rəssamlarımızın əsərləri Luvr “Art Shopping” sərgisində
Paris, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Luvr muzeyinin Karusel salonunda 23-cü “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Sərgidə 800 rəssam və qalereya iştirak edir.
AZƏRTAC xəbər verir ki, rəssamlarımız - Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Kəmalə Məhərrəmova, Leyla Əliyeva, Aydan İsmayılova, Nigar Əhmədzadə, Eldar Hacıyev və Mirayla Abdullayevanın əsərləri “Art Shopping” sərgisində nümayiş olunur.
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. İstedadlı gənc rəssam Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tabloları ilə sənətsevərlərin qəlbini fəth edib. Ziyarətçilər onun tablolarını heyranlıqla seyr edir, gənc rəssamın rəng seçiminə heyran qalıblar. Daxili aləmini incəliklə ağ kətan üzərinə köçürən gənc rəssam duyğularını sənətsevərlərlə bölüşür. Məryəmin əsərləri mövzu çalarlığı və rəng seçimi ilə də diqqəti cəlb edir. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardyönün Məryəm Ələkbərlinin rəsm əsərini şəxsi kolleksiyasına daxil etdikdən sonra gənc rəssamın əsərləri tanınmış kolleksionerlər tərəfindən maraqla izlənilir.
Azərbaycanlı rəssamların əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənir və ziyarətçiləri heyran edir.
Əsmər Nərimanbəyova və Ziba Əliyevanın stendlərində istedadlı gənc rəssamlarımızın əsərləri nümayiş olunur. “Art Shopping” sərgisində son illər azərbaycanlı rəssamların uğurla iştirakı ənənəyə çevrilib. Onların əsərləri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.
“Art Shopping” beynəlxalq incəsənət sərgisi oktyabrın 21-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris