SİYASƏT


XİN: Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik

Bakı, 22 oktyabr, AZƏRTAC

Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Fransanın Sent-Etyen şəhərinin merinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərinə dair açıqlamasında yer alıb.

Bildirilir ki, Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım işğalçı Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu qanunsuz səfərdə Sent-Etyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edir.

“Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmimi sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil.

Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış status-kvo vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırırıq.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.