İQTİSADİYYAT


“Star” zavodu Türkiyədə iqtisadi təhlükəsizliyin formalaşmasına töhfə verə biləcək gücə malikdir

Bakı, 22 oktyabr, AZƏRTAC

“Star” neft emalı zavodunun açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir. Bu layihə ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirəcək, enerji sahəsində qarşılıqlı fəaliyyəti bir qədər də möhkəmləndirəcək.

Bu fikirləri AZƏRTAC-a Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev deyib.

O bildirib ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Azərbaycan və Türkiyənin mühüm birgə meqalayihələri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib: “Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir”.

Ekspert hesab edir ki, “Star” zavodu Türkiyədə iqtisadi təhlükəsizliyin formalaşmasına töhfə verə biləcək gücə malikdir. Bu strateji əhəmiyyət kəsb etməklə yanaşı, Türkiyənin iqtisadi təhlükəsizliyinə dəstək kimi qiymətləndirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.