ELM VƏ TƏHSİL
Azərbaycan beynəlxalq assambleyada təmsil olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Tver şəhərində “Rus dünyası” Fondunun təşkilatçılığı ilə XII Beynəlxalq Assambleya keçirilib.
Beynəlxalq tədbirə dünyanın 70-dən çox ölkəsindən 600 nümayəndə qatılıb. Bakı Slavyan Universitetinin (BSU) elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tədbirdə iştirak edib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, assambleya öz işinə Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin, RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun, RF Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, mədəniyyət naziri Vladimir Medinskinin və digər görkəmli din və dövlət xadimlərinin təbrik məktublarının oxunması ilə başlayıb.
Forumun plenar və diskussiya yığıncaqlarında rus mədəniyyətinin dünyadakı yeri, əhəmiyyəti, Rusiyanın mədəni-tarixi irsinin qorunub saxlanması və genişlənməsi, rus dilinin populyarlaşdırılması və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, assambleyada “Rus dünyası” Fondunun təşkilatçılığı ilə keçirilmiş “Sotvoreniye”, “Korrespondent Russkoqo mira”, “Şkola realnoy jurnalistiki” müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.
Tədbir müxtəlif bölmə və strukturlarda davam edib. Professor R.Novruzov assambleya çərçivəsində “Rus dünyasında ənənəvi dinlər və mədəniyyətlərin dialoqu” mövzusunda keçirilən “dəyirmi masa”da hazırkı beynəlxalq münasibətlər barədə çıxış edib. Azərbaycanlı alim öz məruzəsində mədəni və dini dəyərlərin insanlar arasında uçurum deyil, körpü rolu oynadığını qeyd edib. O, dünyadakı milli-etnik problemləri klassik Azərbaycan ədəbiyyatı fonunda interpretasiya edərək, xalqımızın bu gün də həmin dəyərlərə sadiq qaldığını, ölkəmizin multikulturalizm siyasətinin müasir dünya üçün örnək olduğunu vurğulayıb. R.Novruzov ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının humanist prinsiplərinin əsasında islam dəyərlərinin dayandığını diqqətə çatdırıb. Professor dünyanın bəzi ölkələrində islama ekstremist mövqedən yanaşıldığını deyərək bunun heç bir əsasının olmadığını elmi dəlillərlə sübut edib.
Həmyerlimizin çıxışı müxtəlif ölkələrdən gəlmiş nümayəndələr tərəfindən maraqla dinlənilib və yekun olaraq qəbul edilib.