İQTİSADİYYAT


Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib

Vaşinqton, 8 noyabr, AZƏRTAC

Noyabrın 7-də Birləşmiş Ştatların Boston şəhərində Xəzər İnnovasiya Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər Siyasət Mərkəzinin ABŞ-ın Ticarət Palatası, habelə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirlikləri ilə birgə keçirdiyi tədbirdə Trans-Xəzər nəqliyyat dəhlizi ölkələrinin hökumət təmsilçiləri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə alimlər, biznes dairələrinin təmsilçiləri, ABŞ-ın və Trans-Xəzər dövlətlərinin rəsmi şəxslərinin iştirakı ilə Bostonun startapları və sahibkarlarından ibarət unikal cəmiyyətin dayanıqlı inkişafı və onlarla əməkdaşlığın möhkəmləndirilməsinə kömək məqsədilə dövlət sektoru, sənayeçilər və akademik dairələr arasında qarşılıqlı fəaliyyətin lokal, regional və qlobal səviyyədə genişləndirilməsi imkanları müzakirə edilib.

Sammitdə giriş nitqi ilə çıxış edən Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti innovasiyaların və sahibkarlığın inkişafının region ölkələri üçün əhəmiyyətini qeyd edib. Natiq bildirib ki, bu amillər əksəriyyəti zəngin resurslara malik olan, dayanıqlı və çoxşaxəli iqtisadiyyatı daha da inkişaf etdirmək istəyən ölkələrin yerləşdiyi Xəzər regionunda iqtisadi diversifikasiyanın mühüm şərtidir.

Sonra Boston meriyasının nəzdində beynəlxalq biznes strategiyası şöbəsinin rəhbəri xanım Sara Delud tədbir iştirakçılarını və qonaqları salamlayaraq bildirib ki, bu sammit ABŞ sahibkarları və onların Azərbaycandakı həmkarları arasında bilik və təcrübə mübadiləsi üçün ideal platformadır.

Boston şəhərinin iş adamları və regionun təmsilçiləri qarşısında çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların və Xəzər regionunun şirkətlərini sıx əlaqələr qurmağa və iqtisadi əməkdaşlığa çağırıb. Səfir Azərbaycanda işgüzar mühitin daha da yaxşılaşdırılması və iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən son islahatlardan bəhs edib.

Tədbirdə, həmçinin “Kazakhinvest”in ABŞ-dakı təmsilçisi Daulet Saudabayev və Türkiyənin Bostondakı baş konsulu Ceylan Özen Erişen öz ölkələrində innovasiya və sahibkarlığın inkişafı sahələrində həyata keçirilən tədbirlərdən danışıblar.

Sammitdə Bostonda və Xəzər regionunda innovasiyalar sahəsində qazanılmış təcrübə, qarşılıqlı əlaqəli proseslər, startapların açılması üçün stimullar, elmi tədqiqatlar və ixtiralar təhlil olunub. Panel iclaslarında aparılan müzakirələrdə məruzəçilər müxtəlif sahələr üzrə tələbatları dəyərləndirib, Trans-Xəzər dövlətlərində innovasiya və sahibkarıq üzrə iqtisadi sistemlərin reallaşdırılması və genişləndirilməsi istiqamətində tələbləri, qoyulan müddətləri, sərmayə imkanları və yeni çağırışları müəyyən ediblər.

Harvard Universitetinin professoru Daniel İzenberq innovasiyalar sahəsində təcrübə, qarşılıqlı əlaqəli proseslər, Xəzər regionunda startap şirkətlərinin nümayəndələri ilə yeni şirkətlərin açılması üçün stimullarla bağlı fikirlərini bölüşüb.

Xəzər Siyasət Mərkəzi direktorlar şurasının üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, öz növbəsində, Xəzər regionunun mürəkkəb infrastrukturundan bəhs edib, nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlığın zəruriliyini vurğulayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov öz çıxışında vurğulayıb ki, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması üzrə “Doing Business 2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Azərbaycanın qazandığı uğurlar barədə sammit iştirakçılarına ətraflı məlumat verən “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli son 25 ildə regionda texnologiya və innovasiya sahələri üzrə transformasiya proseslərindən bəhs edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.