Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb YENİLƏNİB

Azərbaycanın Baş naziri Novruz Məmmədov parlamentin plenar iclasında iştirak edib

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iclasda iştirak ediblər.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb. 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.

Milli Məclisin sədri bildirib ki, bu gün müzakirə edilən büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni, 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.

“2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni, 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq”, - deyə Oqtay Əsədov qeyd edib.

Parlamentin sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərindən görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

Oqtay Əsədov bildirib ki, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub. Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik. Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyev dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirir, dövlət və özəl sektor münasibətlərinin əməkdaşlıq səviyyəsinə çatması üçün sistemli tədbirlər həyata keçirir. Ölkədə müəyyən edilmiş strateji kursun reallaşması üçün icra mexanizmi yaradılır, hökumət strukturları, o cümlədən iqtisadi strukturlar arasında koordinasiya işinin səviyyəsinin yüksəlməsinə nail olunur. İqtisadi, siyasi, hüquqi islahatların qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması istiqamətində atılan uğurlu addımlar nəticəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçirilməsi təmin edilib. Dövlətimizin başçısının apardığı uğurlu siyasət ölkənin milli maraqlarının qorunmasına xidmət edir. İqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, dünyada baş verən maliyyə böhranı Avropa, ABŞ və digər çoxsaylı ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı üçün sarsıntılar yaratmadı.

Komitə sədri qeyd edib ki, əmək bazarını sağlamlaşdırmaq, qeyri-rəsmi məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq və əməkhaqlarını leqallaşdırmaq məqsədilə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda 7 il müddətinə güzəştlər nəzərdə tutulub.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında qanundan irəli gələn tələblər, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial, iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər büdcə parametrlərinin formalaşmasında istinad nöqtələri kimi qəbul edilib.

Nazir deyib ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanıb. Bu qaydanın tətbiqi dövlət xərclərinin prosiklikliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında xüsusi çəkiyə malik olan neft gəlirindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəni hədəfləyir və orta və uzunmüddətli dövrdə büdcə intizamına, dayanıqlılığına təminat olacaq.

Qeyd edilib ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manat məbləğlərində və ya cari illə müqayisədə müvafiq olaraq 797 milyon manat, 3 faiz və 1 milyard 680 milyon manat, 7,3 faiz çox nəzərdə tutulur. Göstərilən xərclərin məbləği büdcə qaydasında əks olunan üç meyara tam uyğundur. Həm xalis maliyyə aktivlərinin müəyyən edilmiş nisbət göstəricisindən azdır və cari ilin icmal və dövlət büdcələrinin xərclərinin 103 faizindən üstün deyil, həm də icmal büdcənin qeyri-neft baza kəsirinin ümumi daxili məhsulun nisbətinin tədricən azaldılması üzrə hədəfi təmin edir. Belə ki, bu, cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd aşağı olacaq. Büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınaraq tərtib olunub, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artımı dəstəkləyir.

Diqqətə çatdırılıb ki, 2017-2018-ci illərdə hökumətin həyata keçirdiyi islahat gündəliyi təlatümlü keçən əvvəlki iki ildən sonra ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasını və iqtisadiyyatın artım trayektoriyasına qayıtmasını təmin edib. Bu əsasda növbəti illərdə də makroiqtisadi sabitliyi təmin edərək iqtisadi artımın davam etdirilməsi aparılacaq iqtisadi siyasətin əsas məqsədlərindən olacaq. Bununla əlaqədar, bir tərəfdən artmaqda davam edən neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlılığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, xüsusilə özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu baxımdan xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək qiymətə layiq görülüb, Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınaraq 190 ölkə arasında 25-ci yerə yüksəlib.

Nazir qeyd edib ki, iqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəştin, bununla yanaşı, güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Bu islahatın əsas qayəsini iqtisadi fəaliyyətin stimullaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi arasında bölgüsünün daha da optimallaşdırılması, uçotda olmayan iş yerlərinin və orada çalışan işçilərin əməkhaqlarının leqallaşdırılması hesabına işləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaradılmasıdır. Növbəti ildə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur.

Bildirilib ki, 2019-cu il üçün dövlət büdcəsinin xərclərinin 9 milyard 891 milyon manatı və yaxud 39,9 faizi əsaslı xərclərə, bu məbləğin də 69 faizi və ya 6 milyard 825 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinin maliyyələşdirilməsinə, bir sözlə, iqtisadi artıma dəstək verən dövlət investisiyalarına yönəldiləcək. Növbəti ildə dövlət büdcəsi xərclərinin 7,3 faiz artmasına və vergi sahəsinə təklif olunan güzəştlərin azaldıcı təsirlərinə baxmayaraq, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin cari ilin səviyyəsində saxlanılmasına nail olunub. İcmal büdcədə isə 2 milyard 352 milyon manat məbləğində profisit gözlənilir ki, bu da növbəti ildə Dövlət Neft Fondunun ehtiyatlarının artmasını şərtləndirir.

Vurğulanıb ki, kənd təsərrüfatının dəstəklənməsi növbəti ildə də davam etdirilməklə bu sahəyə ayrılan xərclər cari illə müqayisədə 10,5 faiz artaraq 835 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Növbəti ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün 5 milyon manat vəsait nəzərdə tutulub.

Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər üçün gələn ilin dövlət büdcəsindən 27 milyon manat vəsait ayrılacaq. Bu da cari illə müqayisədə 80 faiz çox deməkdir.

Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən 63 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 2019-cu ilin dövlət büdcəsi sosialyönümlü büdcə ənənəsini davam etdirir. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün 7 milyard 920 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2018-ci illə müqayisədə 798 milyon manat və ya 11,2 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi 2018-ci illə müqayisədə 1,1 faiz bənd çoxdur. Gələn il ölkədə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq ki, bu da cari illə müqayisədə 7 faiz çox deməkdir. Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən cari ildən başlanmış birdəfəlik ödənişlərin verilməsi proqramının növbəti ildə də davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin olunması, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, funksional təsnifatına görə dövlət büdcəsinin xərclərində 2018-ci illə müqayisədə 2019-cu ildə səhiyyə xərcləri 41,8 faiz, təhsil xərcləri 11,3 faiz, sosial müdafiə və sosial təminat xərcləri 9 faiz, mədəniyyət və incəsənət xərcləri 9,7 faiz, elm xərcləri isə 4,2 faiz artımla proqnozlaşdırılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, dünya iqtisadiyyatının inkişaf meyilləri və qlobal çağırışlar, dövlət başçısı tərəfindən təsdiq edilmiş Strateji Yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və ictimai-siyasi sabitlik bu siyasi kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, iqtisadiyyatın saxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətlərində kompleks tədbirlər görülüb.

Nazir deyib ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın 3,8 faiz olacağı proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft və qeyri-neft sektorunun inkişafı amilləri nəzərə alınmaqla 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, gələn il "Şahdəniz" yatağında neft-qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə orta hesabla 3,2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5, daxili sərmayələrin 10,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda artım 2,5 faiz gözlənilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin tətbiqi özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2,7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrin 63 faizi artıq fəaliyyət göstərir, qalanı isə gələn ilin sonunadək fəaliyyətə başlayacaq. Bununla yanaşı, kompleks dövlət dəstəyi göstərilən, layihələrinin ümumi dəyəri 2,5 milyard manat təşkil edən və tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, 19 min yeni iş yerinin açılması imkanı yaradacaq.

Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində iqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyətə malik qeyri-neft sənayesi üzrə cari ilin 9 ayında əlavə dəyər 11 faiz artıb, sənayeləşmə templəri yüksəlib, sənayenin aparıcı və ənənəvi sahələri ilə yanaşı, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb.

Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında layihələrinin ümumi dəyəri 2,8 milyard ABŞ dollarından artıq olan 18 müəssisəyə rezident statusu verilib, bunlardan 9-u artıq fəaliyyətə başlayıb, 5 müəssisənin ilin sonunadək, daha 3-nün isə gələn il istifadəyə verilməsi planlaşdırılır. Balaxanı Sənaye Parkının 1-ci sahəsində tullantıların təkrar emalı üzrə 5 rezident fəaliyyətə başlayıb, cari ildə müəssisələr tərəfindən istehsal edilmiş məhsulun 50 faizi ixrac olunub. Sənaye Parkının 2-ci sahəsində istehsal sahələrinin tikintisinə başlanılıb. Mingəçevir Sənaye Parkında istehsal gücü 20 min ton və dəyəri 85 milyon dollar olan 2 iplik fabriki 2018-ci ilin birinci rübündə istifadəyə verilib, 750 iş yeri açılıb. Bu fabriklərdə 3,5 min ton məhsul istehsal olunub, onun 2 min tonu ixrac edilib.

Qeyri-neft sənayesinin inkişafı üzrə həyata keçirilən islahatların gözlənilən nəticələri nəzərə alınmaqla, sahə üzrə 2019-cu ildə 9,7 faiz, növbəti illərdə orta hesabla 5,8 faiz artım proqnozlaşdırılır.

Nazir söyləyib ki, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin dərinləşməsi və intensiv texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, aqroparklar, iri fermer və bağçılıq təsərrüfatları, müasir heyvandarlıq və istixana kompleksləri, quşçuluq fabriklərinin fəaliyyətə başlaması, meliorativ tədbirlər nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu sahədə iqtisadi artıma təsir edən əsas amillərdəndir. Ümumilikdə, kənd təsərrüfatının inkişafı istiqamətində aparılan kompleks tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında bu sahədə real artım 4,3 faiz təşkil edib.

Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 332 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 113 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 566 milyon manat olan 27 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edilənlər nəzərə alınaraq, aqrar sektor üzrə 2019-cu ildə 4,6 faiz, növbəti 3 ildə orta hesabla 4,5 faizdən çox artım gözlənilir.

İqtisadiyyat naziri deyib ki, qeyri-neft sektorunda xüsusi paya malik olan xidmətlər sektorunda 2019-cu və sonrakı illərdə orta hesabla 3,4 faiz artım proqnozlaşdırılır. Əvvəlki illərdə yaradılmış turizm infrastrukturu və bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin 9 ayında bu sektorda real artım 7,6 faiz təşkil edib. 2019-cu ildə turizm sektorunun 6,7 faiz, növbəti 3 ildə orta hesabla 6 faiz artacağı proqnozlaşdırılır.

İnformasiya və rabitə sektorunda 2019-cu ildə 6,2 faiz, növbəti illərdə isə orta hesabla 7,1 faiz artım gözlənilir. 2018-ci ilin 9 ayında bu sektorda iqtisadi artım 7,7 faiz təşkil edib.

Görülən işlərin nəticəsi olaraq 2018-ci ilin 9 ayında nəqliyyat sektorunda 7,7 faiz real artımın qeydə alındığını deyən nazir bildirib ki, göstərilənlər nəzərə alınaraq 2019-cu ildə nəqliyyat sektorunda 5,2 faiz, sonrakı üç ildə isə orta hesabla 4,7 faiz artımın olacağı proqnozlaşdırılır.

Nazir vurğulayıb ki, dövlət başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı verilən qərarlar və görülən sistemli tədbirlər iqtisadiyyatın dayanıqlı inkişafı baxımından strateji xarakter daşıyır.

Həyata keçirilən kompleks tədbirlər nəticəsində cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının, o cümlədən sənaye, kənd təsərrüfatı məhsullarının ixracı 13 faiz artıb.

Büdcə layihəsinə Hesablama Palatası da rəy verib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə, investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2,0 faiz səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6 faiz səviyyəsində nəzərdə tutulduğunu nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozlaşdırıldığı qənaətindəyik.

Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib. “İlk olaraq büdcə zərfinə dövlət büdcəsinin layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar”, - deyə Hesablama Palatasının sədri bildirib.

Diqqətə çatdırılıb ki, rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə müsbət təsir göstərən amil olaraq vurğulanıb.

Məlum olduğu kimi, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir. Büdcə qaydasına uyğun olaraq, ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizdən çox olmaması ilə müəyyən edilib. Büdcə zərfində 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5 faiz olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilib və buna əsaslanaraq büdcə qaydalarının tələbinə əməl edildiyi vurğulanmalıdır. Müvafiq metodikanın büdcə zərfinə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək rəyə bu barədə məlumatlar daxil edib.

Ümumiyyətlə, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir. “Vergi boşluğu” anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə, qeyd edilməlidir ki, “vergi boşluğu” il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir. Bu göstəricinin hesablanılması və büdcə zərfinə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda, kölgə iqtisadiyyatının miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə də şərait yaratmış olar.

Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

“Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılıb”, - deyə sədr vurğulayıb.

Qeyd edilib ki, Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirib, ümumilikdə, hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir.

“2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və qeyd edildiyi kimi, ilk dəfə olaraq büdcə qaydaları nəzərə alınıb. Təqdim edilmiş rəy isə Hesablama Palatası haqqında yeni qanunun qüvvəyə mindiyi dövrdən hazırlanmış ilk rəydir. Bu baxımdan tərəfimizdən daha praktik yanaşmaların tətbiq edilməsinə, mümkün büdcə riskləri, vəsaitlərin icraçılar üzrə bölgüsü üzrə daha ətraflı məlumatların təqdim olunmasına çalışmışıq. Bu zaman beynəlxalq standart və təcrübələrdən də geniş istifadə etmişik”, - deyə Vüqar Gülməmmədov bildirib.

Vurğulanıb ki, növbəti il üçün dövlət büdcəsinin layihəsi, ümumilikdə, müəyyən edilmiş prioritet istiqamətlər üzrə tərtib olunmaqla Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına xidmət etmək məqsədi daşıyır və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim edilib.

Müzakirələr zamanı çıxış edən deputatlar xeyli təkmil olan 2019-cu ilin dövlət büdcəsi layihəsinin qanunvericiliyə uyğun hazırlandığını bildiriblər. Qeyd edilib ki, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi ölkənin əsas maliyyə sənədinin müsbət cəhətlərindəndir.

Deputatlar çıxışlarında bəzi təkliflər də səsləndiriblər.

Müzakirələr noyabrın 14-də davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb