SİYASƏT


Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb. 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard ABŞ dollarına çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

Milli Məclisin sədri bildirib ki, bu gün müzakirə edilən büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat artıqdır.

"2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bundan əlavə icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq", - deyə Oqtay Əsədov qeyd edib.

Parlamentin sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərində görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.