Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Azərbaycan Respublikasının 2018-ci il 
2 noyabr tarixli Konstitusiya Qanunu
ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Bayrağının

T Ə S V İ R İ

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

1.2. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Maddə 2. Rəngli və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin