CƏMİYYƏT
Tur-aksiya məktəblilərin mənalı istirahəti ilə yanaşı, onların maariflənməsi baxımından da böyük əhəmiyyətə malikdir
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Binəqədi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimi məktəblilərin Azərbaycanın dövlət himnini ifa etmələri ilə başlayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar artıq gözəl ənənə halı alıb. Bu gün Binəqədi rayonunun 40 məktəblisi Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə yola düşəcəklər. Məktəblilər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə də tanış olacaqlar. Tur-aksiya iştirakçıları üçün Gəncə şəhərinin həm tarixi, həm də müasir məkanlarına – Qədim Qala divarlarına, Tarix-Diyarşünaslıq Muzeyinə, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami məqbərəsinə, Heydər Əliyev Mərkəzinə, Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Gəncə Dövlət Filarmoniyasına, Gəncə bulvarına, avtomobil zavoduna və s. ekskursiyalar təşkil ediləcək.
Həmçinin məktəblilər Şəmkir və Göygöl rayonlarında tarixi və müasir məkanlarla tanış olacaqlar.
Binəqədi rayonu 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Səkinə Sadıxova və 311 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Əmir Ələkbərli müsahibələrində vurğulayıblar ki, bu turun keçirilməsi onlar üçün çox sevindiricidir. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Şagirdlər bu şəraiti onlara yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.