REGİONLAR
121 saylı Laçın seçki dairəsində seçkilərə hazırlıq işləri uğurla aparılır VİDEO
Ağcabədi, 17 oktyabr, AZƏRTAC
121 saylı Laçın seçki dairəsinin məntəqə seçki komissiyalarında noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Təqvim planı”na uyğun aparılır.
Laçın seçki dairəsi dairə seçki komissiyasının sədri Hüseyn Səfərov AZƏRTAC-a bildirib ki, Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün seçki dairəsini əhatə edən məntəqələr respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Dairə üzrə 45 min 370 seçicinin qeydə alındığı 102 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətə gətirilib.
AZƏRTAC-ın müxbiri seçkilərə hazırlıq işlərinin gedişi ilə maraqlanmaq üçün seçki dairəsinin tərkibinə daxil olan 86 saylı məntəqədə olub. Taxtakörpü ərazisində, 552 ailəlik qəsəbədəki klub-icma mərkəzinin binasında yerləşən məntəqədə hazırlıq işləri yüksək səviyyədə aparılır. Məntəqə seçki komissiyasının sədri Kərəm Cabbarov bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən, məntəqə üzrə 754 seçici qeydə alınıb. Onlardan 6 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.
Məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Seçicilərin öz seçimlərini sərbəst şəkildə etmələri üçün kabinələr quraşdırılıb. Komissiya üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən treninqlərdə iştirak edib, səsvermə günü prosedurları barədə ətraflı təlimatlandırılıblar. Məntəqədə seçicilərin siyahısı asılıb, bildirişlər hazırlanıb.
Məntəqədə seçkiyə hazırlığın vəziyyəti onu deməyə əsas verir ki, seçki günündə heç bir çətinlik yaşanmayacaq, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edərək, istədikləri namizədi demokratik, azad və şəffaf şəkildə seçəcəklər.