ELM VƏ TƏHSİL
“Karnegi Klub”un rəhbəri İlahiyyat İnstitutunda tələbələrə təlim keçib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevin təqdimatında “Bozdan rəngarəngə” mövzusunda təlim keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimi tədris şöbəsinin müdiri Zərifə Əliyeva açaraq təhsil müəssisəsində tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminar və görüşlərin keçirildiyini diqqətə çatdırıb. İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyini, tələbələrin sosial həyatlarının səmərəli təşkili üçün səylə çalışdığını bildirib.
Z.Əliyeva qeyd edib ki, tələbələrin şəxsiyyət kimi formalaşması üçün mütəmadi olaraq sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla görüşlər keçirilir, seminar, təlim, bilik yarışmaları təşkil olunur.
Sonra N.Allahverdiyev çıxış edərək inkişafın effektiv formulu, inkişaf zonaları, bədən dili, müxtəlif iş şəraitində və təqdimat zamanı stresslərin idarə olunması barədə məlumat verib. O bildirib ki, təlimin əsas məqsədi gənclərə gözəl nitq bacarığının aşılanması, fərdi inkişaf, insanın özünü tanıması, nöqsanlarını aşkarlayıb müəyyən olunmuş hədəflərə uğurla çatması, məqsədə yaxınlaşdıran texnika və strategiyaları təbliğ etməkdir.
Təqdimatın hansı formada hazırlanması və təqdim edilməsinin önəmli olduğunu vurğulayan təlimçi bədən dilinin – mimika və jestlərdən istifadənin rolundan da bəhs edib.
Tədbir maraqlı müzakirələrlə davam edib.