REGİONLAR


Muxtar respublikanın Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib. Bu da 2017-ci illə müqayisədə 10,9 faiz çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda çıxış edən vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, 2018-ci ildə muxtar respublikada biznes və investisiya sahəsində ciddi uğurlar qazanılıb, iqtisadiyyatın dinamik və davamlı inkişafının qorunub saxlanmasında muxtar respublikanın dövlət vergi orqanlarının da mühüm rolu olub.

Vurğulanıb ki, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 34,5 faizi dövlət sektorunun, 65,5 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 394 min 700 manat və ya 15,4 faiz artıb.

“Muxtar respublikada özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Buna görə də özəl sektordan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə Şərur rayonu üzrə 143,1 min manat və Babək rayonu üzrə 261,7 min manat artıb”, – deyən nazir bildirib ki, kiçik və orta sahibkarlıq sahəsində sadələşdirilmiş vergi üzrə proqnoz 2 milyon 331 min manat və ya 71,7 faiz, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 482 min manat və ya 36,2 faiz artıqlaması ilə icra edilib.

Hesabat dövründə vergiödəyiciləri tərəfindən 28 min 641 bəyannamə təqdim edilib. Bunun 28 min 631-i və ya 99,9 faizi elektron formada olub. Vergilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsində mühüm rolu olan aktiv vergiödəyicilərinin sayı (kənd təsərrüfatı istisna olmaqla) sahibkarlığa göstərilən qayğının və yaradılan işgüzar biznes şəraitinin nəticəsidir ki, 2017-ci illə müqayisədə 1,2 dəfə və ya 1007 vahid artıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasından bəhs edən vergilər naziri bildirib ki, bu istiqamətdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə tədbirlər davam etdirilib. Belə ki, bu il yanvarın 1-nə olan məlumata görə, muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində 1272 POS-terminal quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirlərinin nəticəsi olaraq hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 35 milyon 93 min 350 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 294 min 678 manat çox olub.

Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətin gücləndirilməsi işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə davam etdirilib. Nəticədə, işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisinin məbləği hesabat dövründə 133 min 154 manat olmaqla, 2017-ci illə müqayisədə 6504 manatdan çox artıb.

Sonra çıxış edən vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov vergitutma sahəsində görülmüş işlərdən bəhs edərək deyib ki, hesabat dövründə muxtar respublikada əhali ilə nağd pul hesablaşmaları aparan 1865 obyektdən 1857-də nəzarət-kassa aparatı quraşdırılması təmin olunub. Bu da nəzarət-kassa aparatı quraşdırılmalı olan obyektlərin 99,6 faizini təşkil edir. Ciddi hesabat blankı tətbiq edilməli olan 968 obyektin hamısında blanklar tətbiq edilir.

Qeyd olunub ki, vergi borclarının alınması sahəsində nəzarətin daha da gücləndirilməsi nəticəsində hesabat dövründə muxtar respublika üzrə hesablanmış 2 milyon 320 min manat vergi borcunun ödənilməsi təmin edilib, 2019-cu il 1 yanvar tarixinə borc məbləğləri qalmayıb.

Sonra Naxçıvan Şəhər, Şərur və Babək Rayon Vergilər idarələrinin rəislərinin görülmüş işlərlə bağlı çıxışları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.