İDMAN
Məzahir İsgəndərov: “EKOL” komandası yarandığı gündən ölkəmizdə idmanın inkişafına böyük önəm verir
Bakı, 12 yanvar, AZƏRTAC
“EKOL” mini futbol komandasının rəhbəri Məzahir İsgəndərov komandanın Yüksək Liqada çıxışı və perspektivləri ilə bağlı AZƏRTAC-ın əməkdaşının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- İlk iki dövrəni EKOL üçün necə qiymətləndirirsiniz?
- İlk iki dövrə EKOL üçün uğurlu olub. Bu müddətdə bir məğlubiyyətimiz və iki heç-heçəmiz qeydə alınıb. Bu xallar itirilməsəydi, turnir cədvəlindəki yerimiz daha möhkəm olardı. Düzdür, hazırda “qış çempionu”yuq. “Xəzər Cənub” komandası ilə oyunda qalib müəyyənləşmədi. Əslində, həmin oyunda qalib gələ bilərdik. Hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan “Araz” komandası ilə iki xal fərqimiz var. Bir oyun məğlub olsaq, Naxçıvan təmsilçisi bizi qabaqlayacaq. İlk iki dövrədəki xallar itirilməsəydi, indi “Araz” ilə xal fərqimiz böyük idi. Məşqçi heyəti və futzalçılarla görüşümüz zamanı da ilk dövrə müzakirə olunub və qənaətbəxş hesab edilib.
- Komandanın qarşısına hansı hədəflər qoyulub?
- Qeyd edim ki, “EKOL” peşəkar idman klubu deyil. Klub yarandığı gündən ölkədə idmanın inkişafına və sağlam həyat tərzinin təbliğinə böyük önəm verir. Təbii ki, əsas məqsədimiz çempionluq və ölkəmizi beynəlxalq arenada lazımınca təmsil etməkdir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində ölkəmizdə irimiqyaslı yarışlar təşkil olunur və idmançılarımız Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. “EKOL” da dövlətin idmana göstərdiyi diqqət və qayğını hiss edir və ölkəmizdə futzalın inkişafına öz töhfəsini verməyə çalışır.
Əvvəllər komandamız SOCAR-ın təşkil etdiyi spartakiadalarda çıxış edib və fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan sonra komandanın Yüksək Liqada çıxış etməsi barədə qərar qəbul olunub. “EKOL”un ölkə çempionatına qoşulmasından sonra futzalda daha da canlanma oldu. Hətta komandamıza legionerlər də dəvət etdik.
- Qış fasiləsində heyətin formalaşdırılması istiqamətində hansı addımlar atılıb?
- “EKOL” əsasən yerli oyunçulardan təşkil olunub. Əvvəlcə, yerli klublarımızdan ayrılan azad agent statusunda olan futzaçılarla maraqlandıq və komandamız üçün xeyirli ola biləcək oyunçular barədə müzakirələr apardıq. Komandada olan boşluqları doldurmaq qarşıya qoyulan əsas vəzifə idi. Bir neçə gün öncə millimizin üzvü Ramiz Çovdarov “Araz” komandası ilə yollarını ayırdı və biz onunla dərhal danışıqlara başladıq. Danışıqlarımız müsbət yekunlaşdı və yığmanın üzvünü heyətə qatdıq. Ramiz Çovdarov bizə lazım olan oyunçudur. Klubların yerli oyunçulardan təşkil olunması yığmanın da imkanlarını genişləndirir. Yığmaya düşmək üçün rəqabət böyük olur və təcrübəli futzalçıların sayı artır.
- Üçüncü dövrəyə hazırlıq necə gedir?
- Komandamız ildə iki dəfə təlim-məşq toplanışında iştirak edir. İstəyirdik ki, qış hazırlıq prosesini xarici ölkədə keçirək. Gürcüstan ilə bu barədə danışıqlar aparılmışdı. Qonşu ölkənin yığma komandasının yanvarın 20-də bir araya gəlməsi və aparıcı klubların oyunçularının milliyə dəvət olunması bizim planlarımıza uyğun gəlmədiyi üçün səfərdən imtina etdik. Bölgələrdəki Olimpiya İdman komplekslərindən birində təlim-məşq toplanışını davam etdirəcəyik. Yerli klublar ilə üç yoxlama oyununda gücümüzü sınayacağıq.
- Yüksək Liqadakı rəqiblər barədə nə deyə bilərsiniz?
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Hamı bilir ki, ən ciddi rəqib “Araz” komandasıdır. Sonra isə “Neftçi”dir. Əsasən rəqabətimiz “Neftçi” ilə olub. Əvvəllər “Araz”ın heyəti braziliyalı futzalçılardan təşkil olunmuşdu. Bu komandanın heyəti çox güclü idi. “Araz”ın beynəlxalq arenada da uğurları çoxdur. Hazırda “Araz”ın da heyəti yerli oyunçulardan təşkil olunub. “Xəzər Cənub” da yaxşı komandadır. Ancaq hazırda əsas rəqiblərimiz “Araz” və “Neftçi” komandalarıdır.
- “EKOL” avrokuboklara vəsiqə qazanacağı təqdirdə heyətdə hansı dəyişikliklər ediləcək?
- Əgər mötəbər turnirdə iştirak hüququ qazanacağıqsa, turnirdə əksər oyunçularımız yerli idmançılar olacaq. Belə bir məsəl var “qalib gələn heyəti dəyişməzlər”. Heyət yerində qalmaqla, cüzi - 1-2 dəyişiklə komandanı gücləndirə bilərik. Əgər avrokuboklara vəsiqə qazanacağıqsa, bunun məsuliyyətini bilirik. Çünki həmin turnirdə biz Azərbaycanın adından çıxış edəcəyik və bu böyük məsuliyyət tələb edir.