REGİONLAR


Yusif Abdullayev: Qardaşım Tariyel Şəhidlər xiyabanında “Əli” adı ilə dəfn olunmuşdu

Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC

Qanlı Yanvar hadisələrində şəhidlik zirvəsinə ucalanlardan 11 nəfəri lənkəranlı idi. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı isə yanvarın 26–da Lənkəranda Haftoni meşəsində rus əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəranda milli-azadlıq hərəkatının üzvü, şəhid Tariyel Abdullayevin böyük qardaşı, “20 Yanvar” İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev danışıb.

Ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərin əvvəllərində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində, o cümlədən Lənkəranda da milli-azadlıq hərəkatının geniş vüsət aldığını vurğulayan Y.Abdullayev hərəkat üzvlərinin şəhərdə qırğın törədilməməsi üçün Haftoni meşəliyinə çəkildiyini bildirərək deyib: “Yanvarın 26–da sovet ordusunun hərbçiləri onların izinə düşərək, meşədə mühasirəyə aldılar. Əliyalın lənkəranlılar silahlı hərbçilərə qarşı müqavimət göstərə bilmədilər. Həmin gecə 5 nəfər Haftoni meşəliyində xüsusi qəddarlıqla qətlə yetirildi. Həbs olunanlardan biri isə helikopterlə Bakıya aparılarkən yolda boğularaq öldürüldü”.

Yusif Abdullayev ailəsinin qardaşının ölümündən uzun müddət xəbərsiz olduğunu söyləyib. “Lənkərandan Bakıya vertolyotla 45 əsir apardılar. Qardaşım Tariyel də onların arasında idi. Fevralın 8-də Respublika Dəfn Komissiyasının köməyi ilə öyrəndim ki, Bakıya aparılarkən məftillə boğulub və meyiti “Salyanski” kazarmanın yanında küçəyə atılıb. İki gün “Təzə pir” məscidində saxlanıldıqdan sonra yanvarın 31-də Şəhidlər xiyabanında “Əli” adı ilə dəfn olunub. Üstündən 10 gün keçdikdən sonra qardaşımın yas mərasimini keçirdik...”

“Bu gün müstəqilliyimiz etibarlı əllərdədir. Ölkəmizdə bütün şəhid ailələri, o cümlədən 20 Yanvar şəhid ailələri dövlət qayğısı ilə əhatə olunub. Şəhid ailələri ev, mənzil, avtomobillə təmin edilir, onlara təqaüdlər, pensiyalar verilir”, - deyən Yusif Abdullayev bildirib ki, xalqımız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini daim əziz tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.