MƏDƏNİYYƏT


Tanınmış tədqiqatçı Fuad Axundovun “Azərbaycan tarixində alman izləri” adlı mühazirəsi dinlənilib

Bakı, 15 fevral, Xaruqə Məmmədova, AZƏRTAC 

Fevralın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında tanınmış tədqiqatçı və teleaparıcı Fuad Axundovun “Azərbaycan tarixində alman izləri” adlı mühazirəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, tanınmış elm, mədəniyyət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədqiqatçı mühazirəsində almanların ölkəmizə köçməsi və burada məskən salmalarından bəhs edib. Mühazirədən sonra qonaqlar ötən il dekabrın 13-də “Kapelhaus” Alman–Azərbaycan Mərkəzində açılan “Germanaijan. Azərbaycanda alman irsi və memarlığı” adlı sərgiyə baxıblar.

“Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı” daha yaxşı həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar? Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illiyi çərçivəsində ötən ilin reallaşan sərgi Almaniyanın ölkəmizdəki səfirliyi, bu ölkənin Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Goethe-Zentrum Baku”nun dəstəyi ilə gerçəkləşib.

Azərbaycanlı şairə Leyli Salayeva və almaniyalı rəssam - illüstrator Kseniya Finkin birgə layihəsi olan sərgi ölkəmizdə ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir. Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Sənətkar və dokumentalist-fotoqraf Çinarə Məcidovanın video işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin landşaft memarlığında alman izləri görünür, “Qismət” adlı bədii videoda isə Bakıda alman memarları tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır. Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf Tom Marsdenin hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsini də təqdim edir.

Memarlıq mövzusu “Germanaijan”ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina - memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərinin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.

Sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.